Böyük Qələbənin 71-ci ildönümü qeyd olundu
9 May faşizm üzərində Qələbənin 71-ci ildönümü ərəfəsində Ağstafa rayonunda silsilə tədbirlər davam etdirilir. Rayonun təhsil müəssisələrində, mədəniyyət ocaqları və kitabxanalarında keçirilən tədbirlərdə Böyük Vətən müharibəsində əldə olunan qələbədə igidlik və rəşadət göstərən azərbaycanlı oğulların qəhrəmanlığından danışılır, hazırda ölkəmizdə müharibə veteranlarına göstərilən dövlət qayğısı qeyd olunur.
Bu gün Ağstafa rayonunun Xətai kəndində Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Qələbə günü münasibəti ilə bütün müharibə veteranlarını təbrik edən cənab Məhərrəm Quliyev Azərbaycan dövlətinin veteranlara olan qayğısından danışaraq bildirdi ki, bu gün gənclər məhz Sizdən nümunə götürür, işğal altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda qəhrəmanlıqla mübarizə aparırlar. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müharibə iştirakçılarına və arxa cəbhə qəhrəmanlarına böyük diqqət və qayğı göstərilir. Ağstafa rayonunda rəsmi və ictimai tədbirlərdə veteranların iştirakı təmin olunur, bir ağsaqqal kimi nüfuzlarına hörmət göstərilir. Bayram günlərində müharibə iştirakçıları və arxa cəbhə veteranlarına hədiyyələr və bayram sovqatları təqdim edilir, onların ictimai həyatda fəal iştirakı təmin edilir.
Müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, tezliklə Qarabağın işğaldan azad edilməsi gününün bayram edilməsini dilə gətirdilər.
Çay süfrəsi ətrafında keçən tədbirin yekununda xatirə şəkli çəkdirildi. Bayram tədbiri xoş ovqatla başa çatdı.