Mədəniyyət və Turizm naziri Ağstafada vətəndaşlarla görüşüb
Mayın 20-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından vətəndaşları qəbul edib.
Görüşdən öncə cənab Əbülfəs Qarayev və Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül-çiçək dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Sonra yenicə əsaslı təmirdən çıxmış Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları ziyarət olunmuş, yenidənqurma işləri sayəsində yaradılmış ekoturizm mərkəzi, tədris və hazırlıq mərkəzi, ideya-resurs mərkəzi, distant təhsil mərkəzi və rəqs studiyası, rəsm qalereyası və uşaq yaradıcılıq studiyası, xarici dil kursu, xalçaçılıq və moda studiyası, 400 yerlik akt zalı ilə yaxından tanış olunmuşdur.
Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə edilən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirdi.
Vətəndaşların qəbulundan sonra nazir Əbülfəs Qarayev Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birlikdə ilk olaraq açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış olub. Cənab Məhərrəm Quliyev məlumat üçün bildirdi ki, park Prezident İlham Əliyevin iştirakı ilə 5 iyul 2013-cü ildə açılıb. Parkda Azərbaycanın müasir inkişafını və qədim tarixinə dair maddi mədəniyyət nümunələri sərgilənir. Miniatür park həmçinin Azərbaycanı əhatə edən dağ silsilələrini, çay və gölləri, təbiət mənzərələrini xəritə üzərində əks etdirir. Respublikanın ayrı-ayrı bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan abidələr, saray və qala divarları, türbə və məscidlər, müasir dövrə aid arxitektura nümunələrinin maketləri yüksək peşəkarlıqla yaradılıb. Böyük və Kiçik Qafqaz sıra dağları, Naxçıvanın məşhur dağ, qala və ziyarətgahları və digər infrastruktur obyektlərinin maketləri də onların sırasındadır. Burada həmçinin Kür və Araz çayları, Göygöl və Batabat gölləri, respublikanın əsas avtomobil və dəmir yolları, yol qovşağı və körpüləri də əksini tapıb.
Tədbir iştirakçıları daha sonra Heydər Əliyev parkına baş çəkib, burada fəaliyyət göstərən səyyar kitabxananın işi ilə tanış oldu. Rayonda yeni inşa edilmiş Ağstafa rayon Musiqi mərkəzi ilə tanış olan nazirə məlumat verilib ki, Musiqi məktəbinin yeni binası dövlət başçısının “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq inşa edilmişdir. Musiqi məktəbində yaradılan şəraiti yüksək qiymətləndirən qonaq burada təhsil üçün gözəl imkanların yaradıldığını qeyd etmişdir.
Tədbir yenidən qurulan Ağstafa rayon Mədəniyyət mərkəzinə baxış keçirilməklə davam etdirilmişdir. Məlumat verildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənmişdir. Binada təmir işlərinə 2014-cü ildə başlanılmış 2015-ci ilin dekabrında başa çatmışdır. Mərkəzin binasında əsas tamaşa salonu böyüdülərək 220 yerlik edilmiş, mədəniyyət evinə yeni havalandırma və ventilyasiya sistemləri quraşdırılmışdır. Mədəniyyət mərkəzinin salonu tamamilə yenilənmiş, müasir oturacaqlar quraşdırılmış və müasir standartlara uyğun səhnə tərtib edilmişdir. Burada hər cür şəraiti olan kafe, inzibati, yardımçı və qrim otaqları və kitabxana da fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Ağstafadan xoş təəssüratlarla ayrıldı.