Rayon sakinləri ilə ünsiyyət mütəmadi davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin rəhbər şəxslərinin qarşısına qoyduğu müvafiq tələblərə uyğun olaraq Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə, təşkilatlarının rəhbərləri ilə birgə mütəmadi olaraq Ağstafa şəhərinin prospekt və küçələrində, eləcə də rayonun qəsəbə və kəndlərində olur, sakinlərlə görüşür, onların istək və təkliflərinin dinləyir. Rayon sakinlərini narahat edən məsələlərin həlli istiqamətində əməli addımlar atılır. Rayon rəhbərliyinin Ağstafa şəhərinin prospekt və küçələrinə baxışı zamanı orada olan sakinlərlə növbəti səmimi söhbət baş tutdu. Cənab Məhərrəm Quliyev ölkəmizdəki sürətli sosial-iqtisadi inkişaf və mövcud ictimai-siyasi sabitlik barədə geniş bəhs etdi. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində son beş ildə rayonda görülmüş abadlıq, yenidənqurma, həyata keçirilmiş irimiqyaslı sosial infrastruktur layihələr və gələcək planlar barədə ağstafalılara ətraflı arayış verdi.