Pirili kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Pirili kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə başçının müavinləri, İcra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Pirili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Arif Məmmədov Pirili kəndi barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra cənab Məhərrəm Quliyev kənd sakinlərini salamladı, ölkə rəhbərliyinin konkret tapşırığına uyğun olaraq təşkil olunan bu cür səyyar qəbulların əsas məqsədinin sakinlərin əziyyət çəkərək rayon mərkəzinə gəlmədən problemlərinin operativ şəkildə həll olunmasına xidmət etdiyini ifadə etdi. Kənddə onları narahat edən məsələləri, eləcə kəndlə bağlı istənilən təklifi birgə müzakirə etməyə hazır olduğunu vurğuladı.
Daha sonra qəbulda iştirak edən kənd sakinləri Ağstafa çayı üzərində yeni avtomobil körpüsünün inşa edilməsi, ərazidə iki ədəd subartezian quyusunun qazılması, Pirili kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdə olduğu üçün yeni binanın inşa edilməsi, kəndarası yolların təmiri, Kür çayı boyunca Pirili kənd sakinlərinə məxsus pay torpaqlarının yuyulmasının qarşısının alınması üçün sahilbərkitmə işlərinin aparılması, ərazidə elektron tipli ATS-in quraşdırılması, yeni idman meydançasının salınması və s. təkliflərlə çıxış etdilər. Rayon rəhbərliyi kənd sakinlərinin fikirlərini onlarla müzakirə etdikdən sonra, məsələlərin vaxtında həll olunması istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlarını verdi.