Ağstafada kənd təsərrüfatının inkişafı məsələlərinə həsr olunmuş toplantı keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məhsullarının inkişafına dair tapşırıqları, bununla bağlı Prezident Administrasiyasında keçirilmiş müşavirələrdə verilmiş tövsiyələrin yerində icra vəziyyətinin öyrənilməsi ilə əlaqədar Ağstafa rayonunda kənd təsərrüfatının inkişafı ilə əlaqədar verilmiş tapşırıqların icra vəziyyətinin öyrənilməsi məqsədilə işçi qrupu Ağstafa rayonunda olmuşdur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərlik etdiyi işçi qrupu əvvəlcə “Ağstafa Aqroservis” MMC-nin fəaliyyəti və burada inşa olunan toxum emalı müəssisəsinin tikintisi ilə tanış oldular. Daha sonra rayonun Pirili kəndində “Azkonset” MMC-nin 70 ha üzüm bağında olan qonaqlara məlumat verildi ki, burada məhsuldar Fransa üzüm sortları becərilir. Şərab istehsalı üçün nəzərdə tutulan üzüm bağında bütün aqrotexniki tədbirlər müasir texnika ilə həyata keçirilir. Qıraq Kəsəmən kəndində fermer Həmid Şükürovun taxılçılıq, kartofçuluq təsərrüfatı və tərəvəz bostanında olan qonaqlara bildirildi ki, 20 ha kartof əkinindən yüksək məhsul toplanmışdır. Taxıl sahələrindən yüksək nəticə gözlənildiyi bildirildi. Sahələrdə hələ kifayət qədər məhsul vardır.
Tədbir Ağstafa rayon İcra hakimiyyətində keçirilən toplantı ilə davam etdirildi. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Əlibaba Əliyev, Musa Yusibov və Ağstafa rayonun torpaq mülkiyyətçiləri, fermerlər və iş adamları iştirak edirdi.
Ağstafa rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarovun sədrliyi ilə keçən iclasda ötən il rayonun kənd təsərrüfatının inkişafı istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verildi. Sonra Prezident Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışdı. Natiq qeyd etdi ki, ölkəmizdə aqrar sektorun inkişafı və kənd təsərrüfatı məhsullarının istehsalının genişlənməsi məsələləri ölkə başçısının diqqət mərkəzindədir. Natiq Ağstafa rayonunda üzümçülüyün, taxılçılığın son zamanlarda isə geniş vüsət alan kartofçuluğun ənənəvi bir sahə olduğunu qeyd etdi, A.Əmiraslanov kənd təsərrüfatının yeni inkişaf mərhələsində olduğunu vurğulayaraq, qeyd edib ki, bu mərhələdə ağstafalı fermerlərin də üzərinə mühüm vəzifələr düşür.
Aqrar sektora göstərilən dövlət dəstəyindən danışan işçi qrupun rəhbəri bu sahənin inkişafı üçün inzibati və maliyyə resurslarının səfərbər edilməsinin, iri təsərrüfatların, kooperativlərin yaradılmasının perspektivlərindən bəhs edib. Bildirib ki, kənd təsərrüfatında subsidiyalardan səmərəli istifadə vacibdir. Bu sahənin idarə edilməsi işinin yaxşılaşdırılması, yeni texnologiyaların tətbiqi də qarşıda duran ümdə vəzifələrdəndir.
A.Əmiraslanov Ağstafada kənd təsərrüfatının ənənəvi sahələrinin - taxılçılığın, heyvandarlığın, üzümçülüyün inkişafı ilə yanaşı, bağçılığın, tütünçülüyün, baramaçılığın da perspektivləri barədə fikirlərini bildirib, görüləsi işləri diqqətə çatdırıb.
Müşavirədə Həsənsu çayı üzərində su anbarının tikintisi, Kür çayında sahilbərkitmə işlərinin aparılması, kəndarası suvarma arxlarına beton üzlük çəkilməsi işlərinin davam etdirilməsi, Tatlı, Yaradullu və Göycəli kəndlərinin suvarma suyu ilə təmin edən Həsənsu çayında suayrıcında beton bəndin qurulması, Kür çayı üzərində yeni nasos stansiyasının quraşdırılması, üzüm emalı müəssisəsinin yaradılması, tingçilik təsərrüfatının fəaliyyətinin bərpa olunması və digər təkliflər səsləndirilib. Təkliflər müvafiq tədbirlər görülmək üçün nəzarətə götürülüb.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov mülkiyyətçilərin sualları ətrafında yaranan məsələlərlə bağlı müvafiq açıqlamalar verdi.
Müşavirə diskussiya formasında davam etdirildi. Ayrı-ayrı fermerlər, iş adamları, mülkiyyətçilər üzümçülüyün, taxılçılığın, kartofçuluğun və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması yollarından söhbət açdılar. Onların fikirləri, təklifləri, problemləri öyrənildikdən sonra qarşıya çıxan suallara aidiyyəti qurumların rəhbərləri cavab verdilər.