Ağstafa rayonu İcra hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Ağstafa bələdiyyəsinin 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilmişdir
Ağstafa rayonu İcra hakimiyyəti başçısının Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Ağstafa bələdiyyəsinin yanvar ayının 30-da 2012-ci ilin yekunları ilə bağlı hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqda Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, İcra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev 2012-ci ilin yekunları barədə iclas iştirakçılarına geniş məlumat verdi.O, şəhərdə hesabat ilində görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Ağstafa bələdiyyəsinin sədri Nəsib Hacıyev 2012-ci ilin yekunları barədə əhaliyə hesabat verdi. Bələdiyyə sədri hesabat ilində görülmüş işlər, bələdiyyənin maliyyə təsərrüfat işləri, büdcənin formalaşması, daxil olan vəsaitlər və xərclər barədə, eyni zamanda büdcənin formalaşmasında yaranan mövcud problemlər, aztəminatlı və imtiyazlı şəxslərə yardımların edilməsi barədə məlumat verdi.
Sonra çıxışlar oldu. Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin baş direktoru Musa Dəmirçiyev çıxış edərək 2012-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışdı. O, qeyd etdi ki, şəhərimizin təmiz və səliqəli saxlanılması üçün birliyin əməkdaşları gündəlik bu işlərlə məşğuldurlar. Eyni zamanda şəhərimizin təmiz və səliqəli saxlanılması üçün hər bir şəhər sakini bu işdə əlindən gələni əsirgəməməlidir. Belə ki, şəhər sakinləri məişət tullantılarını istənilən vaxtda müəyyən olunmamış yerlərə atırlar. Bu da öz növbəsində şəhərimizin çirkləndirilməsinə və antisanitariya vəziyyətinin yaranmasına səbəb olur. Bu məqsədlə əhali arasında geniş izahat işləri aparılmalıdır.
Ağstafa Sukanal idarəsinin rəisi Şahin Niyazov qeyd etdi ki, hazırda şəhərdə içməli su və kanalizasiya sisteminin çəkilişi davam edir. Lakin, küçələrdə qazıntılar zamanı köhnə içməli su və kanalizasiya xətləri sıradan çıxır. Buna baxmayaraq fasilələrin yaranmaması məqsədi ilə idarənin əməkdaşlarının köməkliyi ilə təmir bərpa işləri aparılır.
Hesabat yığıncağını yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli bütün lazımi avadanlıqlarla təmin olunacaq binaların tikintisi sürətlə davam etdirilir, M.Ə.Rəsulzadə və R.Alıcanov küçələrində quruculuq işləri tam başa catmış və əhalinin istifadəsinə verilmişdir. Şəhərin Ü.Hacıbəyov küçəsinə asfalt örtüyünün salınması tam başa çatdırılmışdır. Cari ildə 20 yanvar, S.Vurğun, C.Cabbarlı və diğər küçələrdə abadlıq, quruculuq işlərinə başlanılacaqdır. Rayonda il ərzində demək olar ki, qəzalı və təmir olunmayan məktəblərin qalmaması üçün çox mühüm addımlar atılacaqdır. 2015-ci ildə ilk dəfə olaraq Avropa Olimpiya oyunları Azərbaycanda keçiriləcəkdir. Bu tədbirin həyata keçirilməsi məqsədi ilə ölkəmizdə cox böyük və iri həcmlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.