Ağstafa şəhərinin daha iki küçəsində əsaslı yenidənqurma işləri başa çatdı
Ağstafa şəhərində iki küçənin əsaslı yenidənqurma və abadlıq işlərinin aparılmasından sonra açılışı oldu. Şəhərin Həmid Abbas və Səməd Vurğun küçələrində aparılan tikinti-quruculuq işlərinin başa çatması münasibəti ilə keçirilən tədbirdə çıxış edən Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev son illərdə rayonumuzda, o cümlədən Ağstafa şəhərində aparılan genişmiqyaslı tikinti və abadlıq işləri barəsində danışaraq qeyd etdi ki, rayonun inkişaf planına uyğun həyata keçirilən tədbirlər sayəsində son illərdə Ağstafa şəhərində 1 prospekt və 14 küçənin əsaslı yenidən qurulması, 25 çoxmənzilli yaşayış binasının əsaslı təmiri təmin edilmişdir. Qeyd olundu ki, görülən işlər hər şeydən əvvəl sakinlərimizin daha rahat və daha yaxşı yaşamasının təmin edilməsinə xidmət edir.
Həmid Abbas və Səməd Vurğun küçələrində elektrik və rabitə dirəkləri, enerji daşıyıcı kommunikasiya xətləri təhlükəsiz yerə çəkilmiş, bu küçələrdə aparılan yenidənqurma və abadlıq işləri nəticəsində 1750 metr uzunluğunda avtomobil yollarına asfalt qoyulmuş, 1600 kv. metr səki nizama salınmış, 900 p/m bordur qoyulmuş, 1600 kv. metr brusçatka daşı düzülmüş, 15 ədəd işıqlandırma dirəyi quraşdırılmışdır.
Tədbirdə çıxış edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.