Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi

26 oktyabr 2016 | 11:00

2016-cı ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Tədbirdən əvvəl toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsinə hörmət və ehtirmlarını bildirdi, abidənin önünə gül dəstləri qoydu. Heydər Əliyev Mərkəzinin böyük akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak edirdi.
Gündəlikdə duran məsələlərin müzakirəsindən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin 19 oktyabr tarixində rayona səfərinə həsr edilmiş video xülasə izlənildi. Qeyd edildi ki, son 5 ildə 3 dəfə Ağstafa rayonuna səfər edən dövlət başçısı rayonun sosial-iqtisadi inkişafı, sahibkalığın inkişaf etdirilməsi və yerlərə investisiya cəlb edilməsi sahəsində Ağstafa Rayon İcra Hakimiyyətinin fəaliyyətini müsbət qiymətləndirmişdir.
“2016-cı ilin yanvar-sentyabr aylarında Ağstafa rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” geniş məruzə edən cənab Məhərrəm Quliyev bildirdi ki, oktyabrın 9-da Nazirlər Kabinetinin iclasında ilin 9 ayının sosial-iqtisadi inkişafına yekun vuran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında hesabat dövründə ölkəmizin beynəlxalq aləmdə və xarici siyasət kursunda, həmçinin sosial-iqtisadi inkişafı və islahatlar kursu sahəsində əldə etdiyi nəticələr barədə ətraflı məlumat vermişdir.
Hesabat məruzəsi ilə çıxış edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bildirmişdir ki ,2016-cı ilin 9 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 16.3 faiz artmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 9.9 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 4.3 faiz artmış, tikintidə 55.3 faiz, nəqliyyat xidmətində 4.1 faiz, rabitə xidmətində 6.3 faiz, ticarət sahəsində 16.6 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 71.5 faiz artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2.4 faiz, pərakəndə əmtəə dövriyyəsi 1.1 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 242.00 manata çatdırılmışdır. 
2016-cı ilin yanvar-sentyabr ayları ərzində yerli  gəlirlər üzrə proqnoz 108.5 faiz yerinə yetirilmişdir. Yerli gəlirlər 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 125.4 min manat az icra olunmuşdur. 11 tədiyyə növündən 4-nün icrası təmin edilmiş, digər tədiyyə növləri üzrə proqnoz plan kəsirlə yerinə yetirilmişdir. Büdcəyə daxil olan vəsaitlər ilk növbədə əmək haqqına və ona bərabər tutulan xərclərə yönəldilmişdir.
DSMF-nin Ağstafa rayon şöbəsi 11749 nəfər pensiyaçıya xidmət edir. 2016-cı ilin doqquz ayı ərzində 386 nəfərə əmək pensiyası təyin edilmişdir, bir nəfərə düşən orta aylıq pensiyanın məbləği rayon üzrə 171.59 manat təşkil edir. 9 ay ərzində pensiyaların maliyyələşdirilməsinə 18.2 milyon  manat vəsait xərclənmışdır. DSMF-nin Ağstafa rayon şöbəsi tərəfindən bu ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqqı üzrə proqnoza 88.9 faiz əməl olunmuş və büdcə təşkilatları üzrə daxilolma 92.7 faiz, qeyri büdcə təşkilatları üzrə 73.1 faiz olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən toplanan proqnoz tapşırığa 72.9 faiz əməl olunmuşdur.
Ağstafa rayonu üzrə 4318 nəfər sosial müavinət alan qeydə alınmışdır. Sosial məişət xidməti sektorunda 243 nəfər tənha və ahıl vətəndaşlar xidmət uçotuna götürülmüşdür. Rayon üzrə 4069 nəfərə, 926 ailəyə ünvanlı sosial yardım verilir, hər ailəyə ödənilən yardımın məbləği 156.21 manat, adambaşına 35.54 manat təşkil edir. “Azərpoçt” MMC-nin Ağstafa Poçt filialı 2016-cı ilin 9 ayı ərzində plan proqnoz tapşırıqlarını 116.0 faiz yerinə yetirmişdir. 2016-cı ilin 9 ayı ərzində rayon ərazisində fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları vasitəsilə əhaliyə cəmi 6 mln. 867 min manat kredit verilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 35 layihə üzrə 385.8 min manat güzəştli kreditlər verilmişdir. Kreditlərin 335.8 min manatı kənd təsərrüfatı, 50 min manatı tikinti sahələrinə ayrılmışdır. Cari ilin ötən dövrü ərzində əhalinin banklardakı əmanətləri 634.9 min manat və 361.9 min ABŞ dolları həcmində olmuşdur, bütövlükdə rayon əhalisinin əmanətlərinin həcmi 1mln. 214 min manat civarındadır.
2016-cı ilin 9 ayı ərzində 1905 nəfər işaxtaran kimi rayon Məşğulluq Mərkəzində  qeydiyyata alınmış və 457 nəfər  işlə təmin edilmişdir. Ötən dövr ərzində 43 nəfərə işsiz statusu verilmiş və işsizlik müavinəti təyin edilmişdir. Hazırda Məşğulluq Mərkəzində 176 vakant iş yerləri mövcuddur.
Ağstafa rayonu üzrə 2016-cı ilin yanvar-sentyabr ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 1368 nəfər işlə təmin olunmuşdur. Rayon üzrə işlə təmin olunanların (938 nəfər) 68.6 faizi daimi işlərdə işləyənlərdir. Nəzərinizə çatdırım ki, açılan iş yerlərinin 404-ü (29.5 faiz) dövlət qurumlarının payına düşür.
Statistik göstəricilərə görə bu ilin 9 ayı ərzində rayonda miqrasiya artımı müsbət saldo ilə nəticələnmiş (gələnlər 138, gedənlər 56, artım +82), təbii artım 615 (doğulanlar 1073, ölənlər 456), rəsmi qeydiyyata alınan nigahların sayı 423, boşanmaların sayı (50) bu göstəricinin 11.8 faizini  təşkil edir.
Ağstafa rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin 9 ayı ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7.5 faiz artmışdır. Bu dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur. Rayonda 10519 ha sahədə taxıl biçini aparılmış, 31603 ton məhsul istehsal olunmuş və hər hektardan 30.0 sentner məhsul götürülmüşdür. (Buğda 8686 ha, 26920 ton, 31.0 sentner. Arpa 1833 ha, 4683 ton, 25.5 sentner)  Orta məhsuldarlıq ötən illə müqayisədə bir qədər artıq olmuşdur.
Ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumtəhsil müəssisələrində əlverışli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi davam etməkdədir.
Son 5 ildə Ağstafa rayonunda 7 tam orta məktəb binası tikilmiş, inventar və avadanlıqlarla tam təmin olunmuşdur. Hazırda sərhəddə yerləşən Köhnəqışlaq kənd orta məktəbinin tikintisi davam etdirilir. Yeni məktəb binasının tikintisi şagirdlərin məktəbə təhlükəsiz gediş gəlişini asanlaşdıracaq, tədrisin keyfiyətini yüksəldəcəkdir. Rayonun Muğanlı, Poylu, Qaçaq Kərəm, Köçəsgər kənd 2 saylı, Həsənsu, Pirili kənd tam orta məktəblərində və Uşaq Gənclər İdman məktəbində təmir işləri aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına rayon üzrə 521 nəfər 5 yaşlı uşaqlar 35 qrup təşkil olunmaqla təhsil alırlar.
Hesabat dövründə Körpələr evi-uşaq bağçalarının maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində iş aparılmışdır. Aşağı Kəsəmən kənd körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılmış, Dağ Kəsəmən kənd 2 saylı körpələr evi-uşaq bağçasında təmir işləri aparılmış və inventar avadanlıqlarla təchiz olunmuşdur. Hazırda şəhər 5 saylı, Dağ Kəsəmən kənd 1 saylı körpələr evi-uşaq bağçalarının yeni binasının tikintisi davam etdirilir.
Ölkə başçısının respublikamızın qərb rayonlarına səfəri və səfərdən sonra Ağstafa rayonun ən böyük təhsil ocaqlarından biri 1320 şagird yerlik şəhər 3 saylı tam orta məktəbin əsaslı təmirinə vəsait ayrılması ilə bağlı olan sərəncamı təhsil işçilərinə və bütövlükdə Ağstafa ictimaiyyətinə ən böyük töhfədir.
Ağstafa rayonunda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilmişdir. Ağstafa şəhərinin içməli su təminatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin həyata keçirilməsinə 2010-cu ildən başlanılmışdır. Vacib problemlərdən olan çoxmənzilli və çoxmərtəbəli yaşayış binalarının içməli su təminatı  həllini tapmışdır. Xlorator binasında xlor balonları quraşdırılması təmin edilmiş, lakin çirkab su təmizləyici qurğular stansiyasında nöqsan və çatışmamazlıqların aradan qaldırılması işləri tam başa çatdırılmamışdır. Kənd və qəsəbələrdə əhali içməli su məqsədi ilə suvarma üçün qazılmış subartezian quyularından istifadə edir. Kür çayının solsahil 11 yaşayış məntəqəsində həyətlərdə qazılmış su quyularından istifadə olunur.
Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış bunalarının təmiri işləri ön plana şəkilmişdir. Eyvaz Qələmçəli, Nüsrət Kəsəmənli, Həmid Abbas və Səməd Vurğun küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılmış, fərdi yaşayış evlərinin və mənzillərin dam örtükləri və fasadlarında əsaslı təmir işləri aparılmışdır. Şəhərin M. Allahverdiyev küçəsində 20 və 22, R. Alıcanov küçəsində 1 və 2, C.Cabbarlı küçəsi 38 və H.Arif küçəsində 33 mənzilli yaşayış binalarında təmir işləri aparılmış, yaşayış binalarının dam örtükləri, pilləkən boşluqları və həyətlərində təmir bərpa işləri aparılmış və bu işlər davam etdirilir.
Ötən dövr ərzində nümayəndəliklər tərəfindən 12.7 km suvarma arxları təmizlənmiş, 44.7 km yollar xırlanmış, 83 ədəd elektrik dayaqları yenisi ilə əvəz edilmiş, 16 ədəd subartezian quyusu təmir olunmuş, 27 su keçidi salınmış, 7 elektrik transformatoru təmir olunmuş, 3.3 km uzunluğunda içməli su xətti təmir edilmiş, 2 ədəd yeni idman meydançası salınmışdır. Dağ Kəsəmən, Poylu və Böyük-Kəsik kənd qəbiristanlıqlarının ətrafına metal tor çəkilmişdir. Muğanlı kəndində istirahət parkı tikilib istifadəyə verilmişdir. Hesabat dövründə  Muğanlı, Qarayazı, Sadıqlı, Ağgöl və Böyük Kəsik yaşayış məntəqələrinin qazlaşdırılması işi davam etdirilir. Köçəsgər və Eynallı kəndlərində qaz xətt və qurğularının əsaslı təmiri başa çatdırılmışdır. Rayonun Ermənistanla təmas xəttində yerləşən Köhnəqışlaq kəndində rekonstruklsiya işləri aparılmışdır. Vurğun qəsəbəsində 2 ədəd qaz tənzimləyici yenisi ilə əvəz edilmişdir. Rayon ərazisində  2494 p/m dövrələmə qaz xətti çəkilmiş və 1535 p/m müxtəlif diametrli korroziyaya uğramış qaz xətti yenisi ilə əvəz edilmişdir. Əhalinin elektrik enerjisi ilə təminatında hesabat dövründə bir sıra işlər görülmüş, sıradan çıxmış transformatorlar  bərpa edilmiş 10, 6 və 04 kv elektrik xətlərində cari təmir işləri aparılmış, çürük dayaqlar yenisi ilə əvəz edilmişdir. “Azərişıq” ASC tərəfindən rayon ərazisində quraşdırılmış 22 ədəd yeni transformator məntəqələrindən 0,4 kv elektrik xətlərinin çəkilişi davam etdirilir. Bundan əlavə 5 ədəd müxtəlif gücə malik yeni KTM quraşdırılmış, 4 ədəd KTM 0,4 kV-luq şəbəkəsi yenidən qurularaq tam SİP-ləşmişdir.
Yol infrastrukturunun  yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də problemlər mövcuddur. Cari ildə Vurğun-Köçəsgər-Qırılı, Vurğun-Köhnəqışlaq, Ağstafa-Aşağı Kəsəmən, Zəlimxan, Köçvəlili-Qarayazı-H.Aslanov avtomobil yollarının əsaslı təmiri, Köhnəqışlaq kəndində Həsənsu çayının üzərindəki avtomobil körpüsünün əsaslı təmiri üçün tədbirlər görülməlidir.
Hazırda Ağstafaçay çayının üzərindəki qəzalı körpünün, Kür çayı üzərindəki və Acı dərədəki avtomobil körpülərinin Ağstafa şəhərindəki yol ötürücünün tikintisi işləri aparılır. Ağstafa şəhərinin küçələrinin asfaltlanması, işıqlandırılması ön plana çəkilməlidir. Rayonun Xətai-Aşağı Kəsəmən-Zəlimxan və Köçvəlili-Qarayazı, Tatlı-Köhnəqışlaq, Poylu-Düzqışlaq, st.Tatlı-Köçəsgər avtomobil yollarında cari təmir işləri aparılmışdır.
2016-cı ilin ötən dövrü ərzində rabitə sisteminin yaxşılaşdırılması sahəsində bir sıra addımlar atılmış, internet istifadəçilərinin sayı artırılmış, 360 abonentə internet verilmiş və 151 abonentə telefon çəkilmişdir. Rayon mərkəzində 100 nömrə sayı artırılmış və yeni salınmış məhəllələrə telefon və internet verilməsi işləri aparılır.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 597 müraciəti daxil olmuş, rayon İcra hakimiyyəti tərəfindən 4852 nəfər vətəndaş qəbul edilmiş, yerlərdə 34 səyyar qəbulları keçirilmiş, həmin görüşlərdə 3814 nəfər iştirak etmiş, 349 təklif irəli sürülmüşdür. Qaldırılan problem və təkliflərin 175-i həll olunmuş, 74-ünün icrası davam etdirilir, 100 təklifin icrası növbəti aylarda nəzərdə tutulur.

Keçidlər