Qarayazı qəsəbəsinə təbii qaz verildi
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq Ağstafa rayonunun qəsəbə və kəndlərinin qazlaşması istiqamətində işlər davam etdirilir. Rayonun Kürün sol sahili adlanan hissəsində 11 yaşayış məntəqəsinin qazlaşması üçün əsas daşıyıcı kəmərin tikintisi ilə yanaşı qəsəbə və kəndlərdə paylayıcı xətlərin tikintisi və sayğacların quraşdırılması işləri də aparılır.
Bu gün rayonun Qarayazı qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə geniş tədbir keçirildi.
Qarayazı qəsəbəsində keçirilən tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, “Azəriqaz” İB-nin Şəmkir RQİ-nin rəisi Oqtay Qarayev, baş mühəndis Məzahir Hüseynov, Ağstafa rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağstafa RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, idarə və təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak edirdi.
Qarayazı qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbiri
giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ilk öncə təbii qazın verilməsi münasibəti ilə qəsəbə sakinlərini təbrik etdi. Respublikamızın sürətli sosial-iqtsadi inkişafı, həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə o, cümlədən rayonumuzda aparılan tikinti-quruculuq və abadlıq işləri barədə ətraflı danışdı. Natiq Azərbaycan Respublikasasının Prezidenti cənab İlham Əliyevin Ağstafa rayonuna səfəri barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (2008-2013-cü illər) uyğun olaraq rayonumuzun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri uğurla davam etdirilir. Hazırda rayonun yaşayış məntəqələrinin təbii qazla təminatı 87,0 faizə çatdırılmışdır.
Şəmkir regional Qİİ-nin müdiri Oqtay Qarayev çıxış edərək bildirdi ki, bu günə qədər Ağstafa rayonun 34 yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa edilmişdirr. Məlumat üçün bildirildi ki, Qarayazı qəsəbəsində 125 abonentə yeni sayğac və fərdi tənzimləyici quraşdırılmış, 2270 p/metr polietilen boru ilə daşıyıcı və 10899 p/metr dəmir boru ilə məhəllədaxili paylayıcı qaz xətti çəkilmişdir.
Qarayazı qəsəbəsinə qazın verilməsi ilə rayonun 35 yaşayış məntəqəsinin qazlaşması təmin edilmişdir. Digər 4 yaşayış məntəqəsinin qazlaşması yaxın günlərdə başa çatdırılacaqdır.
Tədbirdə çıxış edən qəsəbə sakinləri onların məişət problemlərinin həllində göstərilən yüksək qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Şəmkir regional Qİİ idarəsinin rəisi Oqtay Qarayev və qəsəbə ziyalısı Elxan Mustafayev qəsəbəyə qazın verilməsini ifadə edən rəmzi məşəli alovlandırdılar.