“Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirildi
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Ağstafa Rayon İcra Hakimiyyətinin ilə birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirildi.
Ağstafa Musiqi Mərkəzində keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin şəxsi heyəti, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, orta ümumtəhsil məktəblərinin rəhbərləri, yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və əlilləri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyaraq onun xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev öz çıxışında bildirdi ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi belə tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Qeyd etdi ki, hər bir vətəndaşımız, o cümlədən ağstafalılar Vətənimizin müdafiəsi, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə daim hazırdırlar. Son aprel döyüşlərində Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq, regionun ən güclü ordusu olduğunu sübut etdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən, bu sahədə əldə olunan uğurlardan danışdı. Natiq qeyd etdi ki, Silahlı Qüvvələrimizin zabit heyətinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış hərbi təhsil müəssisələrinin böyük rolu vardır. O, ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi üçün hər an hazır olduğunu bildirdi.
“Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev ölkəmizdə vətənpərvərlik ruhunun təbliğində və onun gənc nəslə aşılanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi tədbirlərin önəmini yüksək qiymətləndirdi və qeyd etdi ki, Azərbaycan gəncliyi vətənpərvər olduğunu daim sübut etmişdir.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxışında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğuladı. O, ölkəmizdə bu istiqamətdə, həmçinin ordu quruculuğu sahəsində görülən işlərin əhəmiyyətindən, Silahlı Qüvvələrimizin son döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışdı.
Tədbirdə şəhid atası Hüseynov Şahlar Hüseyn oğlu, Qarabağ müharibəsi veteranı Məmmədov Arif Qurban oğlu, ”Gənclərin çağırışa-qədərki” fənni üzrə xüsusi fərqlənən Saloğlu qəsəbə orta məktəbinin müəllimi İsgəndərov Yaşar Çoban oğlu, eləcə də “Şahin” hərbi-idman oyunlarında yüksək nəticə göstərən Zəlimxan kənd orta məktəbinin şagirdi Əhmədov Aqil İlqar oğlu və hərbi xidmətdə fərqlənən “N” saylı hərbi hissəsnin əsgəri Gözəlov Bəhlul Adıgözəl oğlu mükafatlandırıldılar.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Ağstafa rayon məktəblərinin və musiqi məktəbinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etdilər.