Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev 17 noyabr Milli Dirçəliş günü münasibəti ilə tədbir iştirakçılarını və bütün Ağstafa sakinlərini təbrik etdi, ölkəmizin müstəqillik qazanmasında həmin günün əhəmiyyətini xüsusi vurğuladı.
2016-cı ilin ötən dövrü ərzində ölkəmizdə, o cümlədən Ağstafa rayonunda həyata keçirilən tədbirlər, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması, sahibkarlığın inkişafına kömək göstərilməsi istiqamətində əldə olunan uğurlu nəticələr və rayonda həyata keçirilən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixli rayona səfəri görülən işlərə dövlət başçısının şəxsi nəzarət və qiymətinin nümunəsi idi. Bildirildi ki, rayonda sənaye məhəllələrinin salınması, iş adamlarının bölgədə investisiya yatırması və yeni layihələrin icrasına dəstək verilməsi sahəsində əməlli addımlar atılır. Rayon iqtisadiyyatında mühüm əhəmiyyəti olan kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, o cümlədən, baramaçılığın inkişaf etdirilməsi, fındıq bağlarının salınması və çuğundur əkini sahəsində əməli işlər görüldüyü bildirildi. Qeyd olundu ki, barama istehsalının artırılması üçün yeni tut tinglərinin əkilməsinə başlanılmışdır. Çuğundur əkini üçün torpaq sahəsinin müəyyən edilməsi və iri taxılçılıq təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.
Rayonun ictimai-siyasi vəziyyəti və dini icmalarla işin qanuna uyğun şəkildə qurulması istiqamətində aparılan işlər barədə məlumat verildi. Həmçinin tikinti-quruculuq və abadlıq işlərinin aparılması zamanı milli memarlıq ənənələrinin saxlanılması və qanunsuz tikintilərin qarşısının alınması sahəsində görülən işlər barəsində də ətraflı danışıldı.
Şuranın gündəliyinə daxil olan məsələlər barəsində rayon İcra hakimiyyəti başçısının müavini L.Eyyubova, rayonun baş memarı S.Mustafayev, hüquq şöbəsinin müdiri M.Hüseynov və sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və təhlil şöbəsinin müdir müavini R.İmanov arayışla çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin məlumatları dinlənildi.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.