Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Beynəlxalq Əlillər günü keçirildi.

03 dekabr 2016 | 11:00

3 dekabr Beynəlxalq Əlillər Günü Ağstafa rayonunda geniş qeyd olunmuşdur.
Tədbirin giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini - Sosial İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev çıxış edərək Beynəlxalq Əlillər Günü münasibəti ilə əlilləri təbrik etdi və Ağstafa rayonunda əlillərə göstərilən diqqət və qayğıdan danışdı. Əlillərin həyat şəraitin yaxşılaşdırılması məqsədilə dövlətimiz  tərəfindən əlillər üçün 4 ədəd çoxmənzilli (84 mənzil) və 10 ədəd fərdi yaşayış evi tikilmiş əlillərin istifadəsinə verilmişdir. Son illərdə 16  əlil minik avtomobilləri və əlil arabaları ilə təmin olunduğunu bildirdi.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin direktor müavini Azər İmamverdiyev çıxış edərək Beynəlxalq Əlillər Günü münasibəti ilə əlilləri təbrik etdi və əlillərin sosial müdafiəsindən danışdı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup əlillərə 30 AZN birdəfəlik yardım olunduğunu bildirdi.
Tədbir çay süfrəsi arxasında davam etdirildi.3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb. Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb. 

...Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə qanunvericilik təkmilləşdirilib. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reablitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Paytaxtda və bölgələrdə yeni reablitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi də xüsusi diqqətdə saxlanılır.

...Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Ümumilikdə, son illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Əlillərin minik avtomobilləri ilə təminatı proqramı da həyata keçirilir. Minik maşını ilə təmin olunan əlillərin də sayı ildən-ilə artır. 

...Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır. Pensiya islahatları çərçivəsində ölkədə sığorta-pensiya sisteminin inkişafına dair 2009-2015-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Həyata keçirilən islahatlar əlillərin də əmək pensiyalarının ciddi artımına səbəb olub. 2006-cı ildə yeni pensiya sistemi fəaliyyətə başladığı vaxtdan əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği 5,2 dəfə, eyni zamanda əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği isə 3,7 dəfə artıb. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Azərbaycan günü-gündən inkişaf edir və ölkənin iqtisadi durumunın yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətinin yaxşılaşdırılması sahəsində də özünü qabarıq göstərir.

Keçidlər