Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şuranın müazkirəsinə çıxarılan məsələlər barəsində məlumat verən cənab Məhərrəm Quliyev ilk öncə rayon ictimaiyyətini 31 dekabr- Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il bayramı münasibəti ilə təbrik etdi. İcra başçısı son dövrdə ölkəmizdə baş verən mühüm hadisələr və həyata keçirilən iqtisadi islahatlar kursu barədə ətraflı məlumat verərək qeyd etdi ki, ölkəmizdə insanların böhrandan az zərərlə keçinməsi sahəsində mühüm tədbirlər görülür. Aztəminatlı ailələrin istehlak etdiyi qaz və işıq haqlarının aşağı tariflə ödənilməsi təmin edilmiş, vətəndaş müraciətlərinin baxılması sahəsində ciddi intizam yaradılmışdır. Qeyd edildi ki, ölkəmizdə əldə olunan ictimai-siyasi sabitliyin qorunması və sakinlərin problemlərinə daha həssas yanaşılıması hər bir dövlət orqanının rəhbərindən tələb olunan əsas şərtdir. İnsanların müraciətlərinin araşdırılması və haqlı tələblərinin ödənilməsinin təmin edilməsi sahəsində inzibati süründürməçilik və bürokratik əngəllərə yol verilməməsi diqqətə çatdırıldı. Bildirildi ki, insanların məişət və digər məsələlərinin həlli zamanı ədalətli yanaşma təmin edilməli, vətəndaşların qanuni tələbləri dərhal icra edilməlidir.
Şurada rayon İcra hakimiyyəti başçısının müavini A.Hacıyev və ərazi idarəetmə orqanları və yerli özünüidarəetmə orqanalrı ilə iş şöbəsinin müdiri Ş.Qurbanov arayışla çıxış etdilər.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Ağstafa rayonunda icra vəziyyəti barədə məlumat verildi. Qeyd olundu ki, dövlət proqramında Ağstafa rayonu üzrə 7 sahədə 11 tədbirin icrası nəzərdə tutulmuşdur və həmin işlərin əksəriyyətinin icrası həyata keçirilmişdir.
Bundan başqa 2017-ci il üçün Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şuranın iş planı müzkirə edilərək təsdiq edilməsi məqbul sayıldı.
Müzkirə olunan məsələlərlə bağlı aidiyyatı təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Şuranın iclası işgüzar şəraitdə keçdi.