Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa 2016-cı il uğurlar ili.. 2017-ci ildə daha böyük uğurlara doğru...

31 dekabr 2016 | 11:00

            Rayonumuzun inkişaf salnaməsində daha bir il tarixə qovuşdu. Dünya iqtisadiyyatında baş verən böhran və iqtisadi kataklizimlər ölkəmizin sosial-iqtisadi inkişafı xəttinə əngəl törətsə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti sayəsində dövlətimiz öz iqtisadi gücünü və əhalisinin sosial rifahının səviyyəsini qoruya bildi.
            2016-cı il iqtisadi islahatlar və dövlət idarəçiliyində yeni-yeni institutların yaradılması ilə yanaşı sahibkarlığın inkişafı və yerlərdə yeni biznaes layihələrinin icrasının artması ilə yadda qaldı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ağstafa sahibkarların yerlərdə biznes layihələri həyata keçirməsi və yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması istiqamətində addım atan ilk rayonlardan biri oldu. Ilin əvvəlində regionda və respublikanın digər şəhər və rayonlarında yaşayan sahibkarların iştirakı ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Ağstafa rayon İcra hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda biznes forum keçirildi. Qeyd olundu ki, Ağstafa biznes layihələrinin tətbiqi üçün açıqdır. Bu tədbirdən sonra Ağstafada bir neçə layihənin icrasına start verildi.
Bu layihələr içərisində “Karvan-L”Eko sənaye parkının yaradılması mühüm yer tutdu. Ağstafa rayon İcra hakimiyyəti tərəfindən ilkin olaraq 12.5 ha torpaq sahəsi ayrıldı. Burada müasir texnologiya və avadanlıqların tətbiq edilməsi ilə qapalı dövriyyəli istehsal proseslərinə əsaslanan kimya və kənd təsərrüfatı sahəsində istehsal və emal müəssisələri tikildi, istixanalar quraşdırıldı. ”Karvan-L” Eko sənaye parkında polietlen örtüklərin istehsalı müəssisəsi, plastik kütlələrin təkrar emalı müəssisəsi, xüsusi dəmir konstruksiyalar istehsalı müəssisəsi, istismara yararsız avtomobil şinlərinin təkrar emalı müəssisəsi, dəmir dam örtüklərinin istehsalı müəssisəsi, şüşə və şüşə konstruksiyaların istehsalı müəssisəsi, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı müəssisəsi, üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisəsiləri və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi az müddətdə tikilərək istifadəyə verildi. Bu müəssisələrin tikintisi və istixana kompleksinin quraşdırılmasına 12.5 mln. manat özəl investisiya yatırılmış və 370 nəfər daimi işlə təmin edilmişdir.
“Karvan-L”Eko sənaye parkında hazırda istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı müəssisəsinin və sutklada 2000 ədəd şüşə qablar istehsal edən müəssisəsinin tikintisinə başlanılmışdır.
Həmçinin 200 ha sahədə meyvə bağının salınması istiqamətində hazırlıq işləri aparılır. Sənaye parkına daxil olan müəssisələrdə Türkiyə avadanlıqları və şirkətin öz məhsulları quraşdırılır. Sənaye parkının 3 mərtəbəli modern tipli inzibati binasında işçilərin iş və istirahəti üçün əlverişli şərait yaradılmışdır. Sənaye parkının həyətində abadlıq və dekorativ yaşıllıq salınması işləri aparılmış, 4 km. məsafədən buraya içməli su xətti çəkilmişdir.
Burada yaradılan istehsal və idarəetmə şəraiti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixli səfərində cənab Prezident tərəfindən yüksək qiymətləndirildi. Sənaye parkındakı müəssisələrin açılışını edən ölkə başçısı qeyd etdi ki, Ağstafada yaradılan  sənaye parkı  regionlarda icra edilən uğurlu biznes layihələrindən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin səfərində  Ağstafa taxıl və un məmulatları kombinatı kimi aqrar-sənaye müəssisəsində də oldu.
Dövlət başçısına məlumat verildi ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı”zavodlarıdır.
Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək. “Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.
Təsərrüfatda 2016-2017-ci il üçün taxıl səpini işlərinə start verildi. Rayonun Ceyrançöl adlanan ərazisində “Ağstafa Aqroservis” MMC-nin istifadəsində olan 2729 hektar sahədə regiona uyğunlaşdırılmış sortun səpin işləri tədbir zamanı canlı yayımlandı.
Dövlət başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verildi.
Dəyirmanın emal gücü saatda 5 tondur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni dəyirmanın təməlini qoydu. Daha sonra dövlət başçısı burada hazır məhsul anbarına da baxdı.
Ölkə başçısının 19 oktyabr 2016-cı il tarixli səfərində cənab İlham Əliyev tərəfindən açılışı edilən daha bir sənaye müəssisəsi Modern Mebel Fabriki oldu.
Cənab İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak etdi.
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, yeni-yeni sənaye və emal müəssisələri yaradılır. Görülən bu işlər nəticəsində qeyri-neft sektorunun çəkisi və rolu son illərdə daha da artıb, yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, digər müasir sənaye sahələri yaradılır.
Ağstafa rayonunda “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində “Modern” mebel fabrikinin yaradılması bunu bir daha təsdiqləyir.
Bu cür müəssisələrin istifadəyə verilməsi, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir, daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına geniş imkan yaradır. Belə istehsal sahələrinin yaradılması həm də onu göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir.
Dövlət başçısı əvvəlcə “Saloğlu” mebel fabrikinin məhsullarına baxdı, müəssisənin yeni layihələri ilə tanış oldu.
Daha sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev “Modern” mebel fabrikini işə saldı.
Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verildi. Bildirildi ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfər daimi işlə təmin edilib. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yeni layihə olan “Venzana” mebel fabriki barədə məlumat verildi. Dövlət başçısı yeni fabrikin təməlini qoydu. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel satış mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcəkdir.
            Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev həmin səfərində Ağstafa rayonunda sənaye müəssisələri ilə yanaşı mədəniyyət obyektlərinin də açılında iştirak etdi. Ağstafada əsaslı şəkildə təmir edilərək yenidən qurulan Heydər Əliyev Mərkəzində dövlət başçısına məlumat verildi ki, Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin binasında 2016-cı ilin yanvar-fevral aylarında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Heydər Əliyev Mərkəzinin dam örtüyü, istilik və ventilyasiya sistemi təzələnmiş, binanın fasad hissəsinə qranit, polimer-metal örtük vurulmuş, binada əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Mərkəzin ərazisində işıqlandırma və suvarma sistemi yenilənmiş, həyətinə yeni üzlük daş qoyulmuşdur.,
Mərkəzin işıqlandırılması üçün transformator məntəqəsi quraşdırılmış, su və kanalizasiya şəbəkəsi yaradılmışdır.
            Mərkəzin binasında aparılan yenidənqurma və əsaslı təmir işlərindən sonra Mərkəzdə yeni yaradıcılıq studiyaları və tədris-resurs mərkəzləri yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalları, 400 yerlik akt zalında əsalı təmir və yenidən qurma işləri aparılmışdır. Akt zalının oturacaqları, dəyişdirilmiş, səhnə və yardımçı otaqlarda təmir işləri aparılmış, zal müasir səs qurğuları ilə təchiz edilmişdir. Yenidən qurma işləri aparıldıqdan sonra Mərkəzin birinci mərtəbəsində nigah zalı, memarlıq, incəsənət və reklam studiyası, xalçaçılıq studiyası, “Saloğlu Mebei Fabrikinin və “Akkord” tikiş fabrikini sərgi salonları yaradılmışdır. Foyedə ulu öndərin barelyefi vurulmuş və barelyefin kənarında Ulu öndərin və sənab Prezidentin bölgəyə səfərlərinin əks etdirən stend tərtib edilmişdir. Mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalı yenidən işlənilmiş, muzey yeni şəkillərlə zənginləşdirilmişdir. Aparılan yenidən qurma işləri sayəsində burada  ekoturizm və informasiya mərkəzi,  tədris və hazırlıq mərkəzi, ideya-resurs mərkəzi, distanat təhsil mərkəzi və rəqs studiyası, rəsm qalereyası və uşaq yaradıcılıq studiyası  yaradılmışdır. Bu mərtəbədə 30 yerlik konfrans zalı yeni mebel və inventarlarla təchiz edilmişdir.
Heydər Əliyev Mərkəzində aparılan əsaslı təmir və yenidən qurma işlərii sayəsində Mərkəz daha praktik olmuş, funksionallığı artırılmışdır.
Ölkə başçıs Ağstafa uşaq musiqi məktəbinin yeni tikilən binasının açılışını da etdi. Dövlət başçısına məlumat verildi ki, Ağstafa şəhər 7 illik uşaq musiqi məktəbi 1970-ci illərdə şəhər 1 saylı orta məktəbin yardımçı və təsərrüfat otaqlarının hesabına yaradılmışdır. Xalq şairi Hüseyn Arifin adını daşıyan uşaq musiqi məktəbinin binası qəzalı və yararsız olduğundan həmin məktəbin yeni binaya köçməsinə ciddi zərurət vardı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli  “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”  Sərəncamına uyğun olaraq Ağstafa şəhər uşaq musiqi məktəbinin yeni binasının tikinti işlərinə 2014-cü ilin noyabr ayında başlanılmışdır və 2016-cı ilin yanvar ayında tikinti işləri başa çatdırılmışdır.
Qədim musiqi aləti olan ud formasında inşa olunan musiqi mərkəzinin binası 3 mərtəbədən ibarətdir. Binanın ümumi tikinti sahəsi 2399 kv. metrdir.
Musiqi mərkəzinin birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ulu öndər Heydər Əliyevin və cənab İlham Əliyevin bu rayona səfərlərini əks etdirən şəkillərdən ibarət stend tərtib edilmişdir. Musiqi məktəbinin yeni binasında 39 sinif , qrup və məşğələ otağı vardır. Burada xor zalı , kitabxana üçün ayrıca otaqları nəzərdə tutulmuş, foyedə Azərbaycanın görkəmli bəstəkarlarının portretləri asılmışdır. Məktəbin ikinci mərtəbəsində böyük konsert salonunda (400 yerlik) ən müasir tələblər səviyyəsində sənhə tərtib edilmiş, bura müasir səs aparatları ilə təchiz edilmişdir. Məktəbə yeni musiqi alətləri və inventar verilmişdir. Məktəbdə şagirdlərə qulluq üçün mətbəx-kafe fəaliyyət göstərir.
Binaya mərkəzi qazanxanası olmaqla isitmə sistemi, müasir havalandırma və ventilyasiya qurğuları quraşdırılmış, stasionar işıqlandırma məntəqəsi yaradılmışdır. Binanın ətrafında tam yaşıllıqdan ibarət park salınmış, ərazinin suvarılması və işıqlandırılması sistemi quraşdırılmışdır.
Musiqi məktəbi ilə yaxından tanış olan cənab İlham Əliyev görülən işlərdə razı qaldığını bildirmiş, musiqi məktəbinin şağirdlərinin ifasında musiqi nömrələrinə qulaq asmışdır.
 Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində gündən-günə güclənən qayğı bu gün özünü daha aydın büruzə verir. Bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Ağstafa Rayon Mədəniyyət Mərkəzinin əsaslı şəkildə yenidən qurulması bu qəbildən olan tədbirlərdəndir. Bu cür layihələrin paytaxtla yanaşı, regionlarda da geniş vüsət alması, ümumilikdə, respublikamızda mədəniyyət sahəsinin inkişafına töhfə verir.
Dövlət başçısı Mədəniyyət Mərkəzinin binasında yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinə məlumat verildi ki, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb. Mərkəzin əsas tamaşa salonu tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda müasir oturacaqlar quraşdırılıb və yüksək standartlara uyğun səhnə yaradılıb. Havalandırma sistemi ilə təchiz olunan binanın ümumi sahəsi 680 kvadratmetrdir. Burada kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir.
Mərkəzin yerləşdiyi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində əsaslı təmir işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, səkilərə dekorativ daş döşənib, asfalt örtüyü yenilənib.
            2016-cı ildə Ağstafa rayonunda abadlıq, quruculuq və tikinti işləri geniş vüsət almışdır. Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılmış, fərdi yaşayış evlərinin və mənzillərin dam örtükləri və fasadlarında əsaslı təmir işləri aparılmışdır. Şəhərin M. Allahverdiyev küçəsində 20 və 22, R. Alıcanov küçəsində 1 və 2, C.Cabbarlı küçəsi 38 və H.Arif küçəsində 33 mənzilli yaşayış binalarında və Ş.Qurbanov küçəsi 4 ünvanda çoxmənzilli yaşayış binasında təmir işləri aparılmış, yaşayış binalarının dam örtükləri yenilənmiş, pilləkən boşluqları və həyətlərində təmir bərpa və abadlıq işləri aparılmışdır. Ağstafa şəhərinin H.Abbas və S.Vurğun küçələrində yenidən qurma, abadlıq işləri aparılmış, səkilərə dekorativ daş düzülmüş, küçələrin işıqlandırılması təmin edilmiş və yeni asfalt örtüyü salınmışdır. Ağstafa şəhərinin içməli su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsinin 3-cü mərhələsi və çoxmənzilli yaşayış binalarında sayğac quraşdırılması işləri başa çatdırılmışdır.
Rayonda Kənd Təsərrüfatı İdarəsinin inzibati və laboratoriya binasının, Dağ Kəsəmən kəndini sel sularından mühafizə bəndinin tikintisi, Dağ Kəsəmən kənd mədəniyyət evlində və Vurğun qəsəbə həkim məntəqəsində əsaslı təmir işləri davam etdirilir, Aşağı Kəsəmən kənində 35 yerlik uşaq bağçası və körpələr evinin tikilmiş, Muğanlı, Xılxına, Xətai, Tatlı, Böyük-kəsik kəndlərində və Soyuq bulaq qəsəbəsində kənddaxili yolların xırlanması, Muğanlı kəndinin bələdiyyə parkında, Sadıqlı və Dağ Kəsəmən kəndlərinin qəbiristanlıq ərazisində aparılan abadlıq, yenidən qurma işləri başa çatdırılmışdır.
Rayonun Kür çayının sol sahilində yerləşən yaşayış məntəqələrinin qazlaşması üçün daşıyıcı qaz xəttinin və daxili paylayıcı qaz xətərinin çəkilişi davam edir. 2015-ci ildə Saloğlu, Soyuq bulaq, H.Aslanov, Soyuq bulaqlar qəsəbələrinə və Köçvəlili kəndinə təbii qazın verilməsi bərpa olunmuşdur. Bu il Qarayazı qəsəbəsinə qazın verilməsi təmin edilmiş, Muğanlı, Sadıqlı, Böyük Kəsik, Ağgöl kəndlərinn qazlaşma layihəsinin həyata keçirilməsi işləri yekunlaşır və yaxın günlərdə həmin yaşayış məntəqələrinə təbii qaz veriləcəkdir. Rayon mərkəzi də daxil olmaqla, 34 yaşayış məntəqəsi (87%) qazlaşdırılmışdır;
Ağstafa rayon İcra hakimiyyətinin təşəbbüsü ilə “Azəravtoyol” ASC tərəfindən aparılan  4 avtomobil körpüsünün tikintisi işləri sürətlə davam edir. Ağstafa Poylu-Gürcüstan ilə dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılan yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa edilir. Kür çayı üzərində inşa edilən körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşasıaparılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmir yolu üzərindəki tikilən yeni körpünün isə uzunluğu 34 metr olacaqdır. Hər bir körpünün hərəkət hissəsinin eni 11,5 metr, iki istiqamət üzrə piyada səkilərinin eni 1,5 metr olmaqla, ümumi eni 14,5 metr olacaq. Bu körpülərin tikintisi ilə əlaqədar olaraq həmin körpülərin əlaqələndirdiyi 60 km. avtomobil yolunun yenidən qurulması işləri başalnılır. Bundan başqa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli Səərncamına uyğun olaraq Ağstafa şəhəri 3 saylı orta ümumtəhsil məktəbi binasının əsaslı təmir işlərinə də başlanılmışdır.
Rayonda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqmətində uğurlu nəticələrə nail olunmuşdur. Belə ki,  50 ildən sonra rayonda yaş barama istehsalına başlanmış və 1913kq. barama təhvil verilmişdir. Bu sahənin genişləndirilməsi üçün rayonda 12167 ədəd tut tingi əkilmiş və intensiv tut bağıları salınmışdır. Gələn il rayonda daha çox barama əldə olunacağı nəzərdə tutulur. Bundan başqa rayonda xalça istehsalını bərpa edilməsi məqsədi ilə  yeni xalça toxuculuğu müəssisəsinin də tikinti işlərinə başlanılmışdır.
2016-cı ildə Ağstafa rayon İcra hakimiyyəti sakinlərin problemlərinin həlli və daha yaxşı yaşaması istiqamətində qarşıya çıxan bütün məsələrə çevik münasibət bildirmiş, sakinlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təmin olunmasında qətiyyət göstərmişdir. Cari ildə Ağstafa rayon İHB tərəfindən rayonun şəhər, qəsəbə və kəndlərində 44 səyyar qəbul görüş keçirilmiş və  əksər hallarda sakinlərin qayğılarının yerində həll olunamsına nail olunmuşdur.
2016-cı ili Ağstafa rayonu yüksək iqtisadi və sosial göstəricilərlə başa vurur. Cari ildə əldə olunan nəticələr qarşıdakı illərdə rayonda daha böyük nailiyyətlərin əldə olunacağına inam verir. Ağstafa rayon sakinləri, hər bir ağstafalı inanır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında 2017-ci il xalqımıza daha böyük qələbələr bəxş edəcəkdir.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər