Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər İcra nümayəndəsi hesabat verdi

27 yanvar 2017 | 11:00

Ağstafa rayon Mədəniyyət Mərkəzində Ağstafa rayon İcra Hakimiyyəti başçısının Ağstafa şəhər İƏD üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi.
Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbirdə ilk söz ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 2016-cı ilin Ağstafa rayonu üçün uğurlu nəticələrlə başa çatmasından danışdı. Qeyd olundu ki, ötən il rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında xeyli uğurlu nəticələr əldə olunub və Ağstafa respublikamızın inkişaf etmiş rayonları sırasında özünə layiq yer tutmuşdur.
2016-cı ildə görülən işlərlə bağlı hesabat verən şəhər icra nümayəndəsi Nəriman Hacıyev bildirdi ki, Ağstafa rayonunun sosial-iqtisadi İnkişafı istiqamətində həyata keçirilən mühüm layihələrin və əsas işlərin mərkəzi Ağstafa şəhərinin payına düşür. Rayon mərkəzində 12736 nəfər əhali yaşamaqla, Ağstafa şəhərinin ərazisi 421 ha təşkil edir. Rayonun dövlət idarəetmə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və digər sahələr üzrə inzibati idarələrinin yerləşdiyi Ağstafa şəhərində yerli sakinlərlə yanaşı gündəlik olaraq qəsəbə və kəndlərdən, eləcə də digər rayonlardan xeyli sayda insan gəlir. Şəhərin sosial infrastrukturunun işlək vəziyyətdə saxlanması, nəqliyyat, xidmət və ticarət sahələrində mədəni münasibətin və qanunçuluğun gözlənilməsi istiqamətində gündəlik qayğılarımızın olması ilə yanaşı şəhərimizin daha gözəl və sakinlərinə daha rahat yaşayış şəraitinin yaradılması əsas vəzifəmizdir.
Heasbat ilinin yadda qalan və rayonun inkişaf salnaməsinə qızıl hərflərlə yazılan hadisəsi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixində rayonumuza səfər etməsi oldu. İcra nümayəndəsi qeyd etdi ki, Ağstafa şəhərinin prospekt, küçə, park və xiyabanlarında yaşıllıq zolaqlarının mühafizəsi, sanitar təmizliyin təmin edilməsi, məişət tullantılarının daşınması gündəlik işimizin əsasını təşkil edir. Bildirirəm ki, Ağstafa şəhərinin son illərdə yenidənqurma işlərindən sonra istifadəyə verilmiş H.Əliyev, M.Ə.Rəsulzadə, R.Alıcanov, R.Əsədov, 20 Yanvar, N.Nərimanov, Ağamalıoğlu, H.Arif, Ü.Hacıbəyov, S.Vurğun, H.Abbas, E.Qələmçəli, N.Kəsəmənli və digər küçələrində əsaslı abadlıq işləri aparılmış, küçə işıqlandırılmasına diqqət yetirilmişdir. Bu gün Ağstafanın hər bir küçəsi, hər bir dalanı diqqətimizdədir, şəhər sakinlərinin məişət qayğılarının aradan qaldırılmasında fəal olmağa çalışırıq.
Ağstafa şəhərinin Heydər Əliyev və Səməd Vurğun parklarında sakinlərin asudə vaxtınin səmərəli keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Cənab başçı, Sizin gündəlik tapşırıq və tövsiyələrinizin icrası istiqamətində atılan addımlar hesabına hər iki park Ağstafalıların və şəhərimizin qonaqlarının sevimli istirahət yerinə çevrilmişdir. Parklarda gəzinti zolaqlarında və işıqlandırma sistemində cari təmir işləri aparılmış, S.Vurğun adına parkda olan fəvvarə təmir olunmuşdur. Eləcə də şəhərin “Qarabağ məhəlləsi” adlanan yaşayış massivində yerləşən M.Mustafayev adına istirahət parkının təmiz saxlanılması, oturacaqların təmir olunması kimi işlər də həyata keçirilmişdir.
Hesabat ilində Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin dəfələrlə şəhər sakinləri ilə görüşü keçirilmişdir. Fürsət düşmüşkən qeyd edim ki, rayon İcra hakimiyyəti başçının şəhər sakinləri ilə görüşünün təşkil edilməsi kimi bir tədbirə elə də ehtiyac yoxdur. Cənab başçı özü hər gün şəhərdə, əhali arasında olur, bəzən biz özümüz onun yerlərdə sakinlərlə görüşündən gec xəbər tuturuq. 2016-ci ildə şəhərin ayrı ayrı küçələrində keçirilən görüşdə sakinlər kommunikasiya xətlərinin nizama salınması, yolun təmiri ilə əlaqədar məsələ qaldırmışdır. Bildirirəm ki, tərəfimizdən həmin məsələlərin həlli istiqamətində addımlar atılmış, müvafiq tədbirlər görülmüşdür. N.Kəsəmənli və E.Qələmçəli küçələrində fərdi yaşayış evlərinin kanalizasiya və içməli su xəttinin şəbəkəyə qoşulması başa çatdırılıb. Səməd Vurğun adına istirahət parkında, Heydər Əliyev prospektində içməli su üçün bulaqlar quraşdırılması işi öz həllini tapmışdır.
Ağstafa rayonunun 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı Proqramına uyğun olaraq şəhərin küçələrinin yenidən qurulması və çoxmənzilli yaşayış binalarının dam örtüyünün, giriş qapılarının və pəncərələrinin dəyişdirilməsi, pilləkən qəfəslərinin təmiri işləri mütəmadi davam etdirildi. 2016-cı ildə Ağstafa şəhərinin H.Əliyev prospekti 34, H.Arif 33 C.Cabbarlı küçəsi 38, R.Alıcanov 1 və 2, Ş.Qurbanov küçəsi 4, Ağamalıoğlu 19 və 21, S.Vurğun küçəsi 23, M.Allahverdiyev 16, 20, 22 saylı çoxmənzilli yaşayış binalarının dam örtüyü tamamilə dəyişdirilmiş və binalarda təmir işi aparılmışdır. Bundan başqa şəhərin Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli, S.Vurğun, H.Abbas küçələrinin yenidənqurma işləri və küçələrində işıqlandırılması işi həyata keçirilmişdir. Bu küçələrdə rabitə, qaz, işıq xətlərinin təhlükəsiz yerə çəkilməsi təmin edilmiş, piyada səkilərinə dekorativ daş düzülmüş, işıq dirəkləri qoyulmuş və küçələrə təzə asfalt örtüyünün qoyulması başa çatdırılmışdır. Qeyd etmək istəyirəm ki, H.Əliyev Mərkəzinin həyəti və şəhərin girişindəki “Saat Meydanı” ərazisində yüksək keyfiyyətli abadlıq işləri aparılmışdır. Ağamalıoğlu küçəsindəki 19 və 21 saylı çoxmənzilli binaların həyətində sakinlərin istirahəti üçün yeni besetka tikilərək sakinlərin istifadəsinə verilmişdir. Şəhərimizdə ekoloji tarazlığı saxlamaq üçün şəhər ərazisində o cümlədən , Ü.Hacıbəyov, H.Arif küçələrində şəhər ərazisindən keçən Bakı-Qazax magistiral avtomobil yolunun kənarlarında müxtəlif dekorativ ağaclar əkilmiş, müntəzəm olaraq suvarılır və qorunur.
Azərbaycan Respublikası Prezidenti rayonumuza uğurlu səfərindən sonra Ağstafa şəhər 3 saylı tam orta məktəbin qəzalı vəziyyətdə olmasını nəzərə alınaraq məktəbin əsaslı təmir olunması ilə bağlı müvafiq sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq hazırda məktəbdə təmir işlərini surətlə aparılır.
Tədbirdə çıxış edən şəhər sakinləri icra nümayəndəliyinin fəaliyyəti barədə öz fikirlərini söylədi və təkliflərini verdilər. Tədbirdəayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yekun nitqi ilə çıxış etdi və 2017-ci ildə Ağstafa şəhərində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən danışdı.

Keçidlər