Ağstafa rayon İcra hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi
09 fevral 2017-ci il tarixdə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində “Ağstafa rayonunun 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr barədə” rayon İcra hakimiyyəti başçısının hesabat yığıncağı keçirildi.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev və Milli Məclisinin deputatları Nizami Cəfərov, Ülviyyə Ağayeva iştirak edirdilər.
Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən hesabat yığıncağında əvvəlcə Ağstafaya həsr olunmuş film nümayiş etdirildi. Sonra rayon İcra hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq rayonda yeni istehsal və emal müəssisələrinin yaradılması, istixana komplekslərinin tikintisi istiqamətində zəruri işlər görülüb. Bunun nəticəsi olaraq, Ağstafa rayonundan olan iş adamının özəl investisiyası hesabına rayonda “Karvan-L” Eko Sənaye Parkı yaradılıb. Sənaye parkının tikintisinə 12,5 hektar torpaq sahəsi ayrılıb. Parkda müəssisələrin tikintisi və istixana kompleksinin quraşdırılmasına 12,5 milyon manat investisiya yatırılıb və 370 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. “Karvan-L” Eko Sənaye Parkında gücü sutkada 500 kvadratmetr olan keramika dam örtüklərinin istehsalı müəssisəsinin də bu günlərdə təməlqoyma mərasimi olub. Həmçinin 200 hektar sahədə meyvə bağının salınması istiqamətində hazırlıq işləri aparılır. 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika qeydə alınıb, ümumi məhsul buraxılışının həcmi 7,7 faiz artaraq 131,2 milyon manata çatıb. Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ötən il ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi 587 min manat artıb. 2016-cı ilin məhsulu üçün rayon üzrə 10519 hektar sahədə taxıl əkilib və 31603,6 ton məhsul istehsal olunub. Kənd təsərrüfatında ənənəvi məşğuliyyət növlərinin bərpası və məşğulluğun artırılması istiqamətində ötən ildə rayonda 1,9 ton barama istehsal edilib. Gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsi üçün rayon ərazisində 10 mindən artıq tut tingi əkilib. Yığıncaqda qarşıda duran vəzifələrdən də danışılıb. Bildirilib ki, bu il Köhnəqışlaq kənd orta məktəbinin yeni binasının tikintisi, Ağstafa şəhər 3 saylı tam orta məktəbin binasının əsaslı təmiri başa çatdırılmalıdır. Rayon ərazisində 4 ədəd avtomobil körpüsünün tikintisi də yekunlaşmalıdır. Həmçinin Dağ Kəsəmən kəndinə sel təhlükəsinin qarşısının alınması üçün bəndlərin tikintisi də sürətlə aparılır və bu il yekunlaşacaq. Bundan əlavə, cari ildə yeni sənaye müəssisələrinin inşası, xalça fabrikinin işə salınması, xidmət və ticarət obyektlərinin açılması, Ceyrançöl ərazisində 13 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə qatılması üçün suvarma suyunun çəkilməsi və həmin ərazidə, fındıq, nar, zeytun bağlarının salınması, iri taxılçılıq təsərrüfatının yaradılması da qarşıda duran mühüm işlərdəndir.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Əlibala Əliyev, Milli Məclisin deputatları Nizami Cəfərov və Ülviyyə Ağayeva çıxış ediblər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Hesabat yığıncağı işgüzar şəraitdə keçirildi.