YAP Ağstafa rayon təşkilatında Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi
Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının inzibati binasında YAP Ağstafa rayon təşkilatının gənclər birliyi, Ağstafa rayon Gənclər və İdman idarəsi ilə birgə Xocalı soyqırımının 25 -ci ildönümünə həsr edilmiş "Xocalı qan yaddaşımız" mövzusunda anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə binanın foyesində Xocalıya həsr olunmuş foto və əl işlərindən təşkil olunmuş kompozisiyalara tamaşa etdilər. Akt zalında keçirilən tədbir Xocalı soyqırımında həlak olan həmvətənlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Feyruz Həsənov bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının gənclər birliyinin sədr müavini Elvin İmaməliyev çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Tədbirdə Ağstafa rayon Təhsil şöbəsinin baş məsləhətçisi Əli Cəfəroğlu Gənclər İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov YAP Ağstafa rayon Təşkilatının aparat rəhbəri Şükran Hacıyev çıxışlar edərək bildirdilər ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə rəvac vermiş ermənilər qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı bu yolla "ram etməyə" çalışıb. Lakin hiyləgər və məkrli düşmən bu yolla istəyinə nail ola bilmədi, Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər.
Tədbir Xocalı faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirildi.