Sahibkarlığa Kömək Milli Fondu Ağstafa rayonunda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir
Tədbirin məqsədi İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun tərəfindən müasir çörək zavodunun, müasir heyvandarlıq, üzümçülük təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı, Gəncə-Qazax iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsidir.
İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ölkəmizdə sahibkarlara yaradılmış münbit şəraitdən, dövlət başçısı cənab İlham Əliyevin hər zaman sahibkarlara göstərdiyi yüksək diqqət və qayğıdan danışdı. Cənab Məhərrəm Quliyev tədbirin səmərəli və işgüzar şəraitdə keçməsi üçün rayon sahibkarlarına müraciət edərək qeyd etdi ki, öz təkliflərini bildirsinlər.
İclasda İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov məruzə ilə çıxış etdilər, tədbir iştirakçılarının suallarını cavablandırdılar.
Sonda tədbirdə iştirak edən müvəkkil bankların nümayəndələri tərəfindən sənədlərini təqdim etmiş sahibkarlara müxtəlif məbləğdə güzəştli kreditlərin verilməsi tmin olundu.