“Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyasının iştirakçıları və valideynlərlə görüş keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. Bu il martın 23-26-da təşkil olunacaq növbəti tur-aksiyada Ağstafa rayonu üzrə 40 şagird iştirak edəcək.
Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında tur-aksiyanın növbəti mərhələsində Ağstafa rayonu üzrə səyahətə çıxacaq məktəblilər və onların valideynləri ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov öncə səyahətə çıxacaq heyətə uğurlar arzu etdi. Qeyd olundu ki, Məqsədi gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsindən ibarətdir. Tur-aksiyalar zamanı respublikamızın regionlarına səyahət edən şagirdlərdə həm də xalqımızın malik olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşır.
“Tur-aksiya çərçivəsində şagirdlər nəinki olacaqları rayonlar barədə ətraflı məlumatlandırılacaq, habelə onların gözəl istirahəti üçün də hər cür şərait nəzərdə tutulub. Məktəbliləri 4 müşayiətçi-müəllim, 1 həkim müşayiət edir.
Öz növbəsində “Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyasının növbəti mərhələsinin iştirakçıları yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.