“Dini ekstremizm və radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirildi.
14 mart 2017-ci il tarixdə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində “Dini ekstremizm və radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda geniş seminar-müşavirə keçirilmişdir. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov və komitənin yerli strukturlarının rəhbərləri, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Şəmkir rayon prokurorları, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev, o cümlədən Ədliyyə nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti yerli strukturlarının rəhbərləri, eləcə də Ağstafa rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstləri düzərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin ölkədə ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazası beynəlxalq normalara uyğunlaşdırılmış, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit edilmiş, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktlara riayət olunmasına nəzarət gücləndirilmiş, konfessiyalar arasında dözumlülük ənənəsinin möhkəmləndirilməsi, eləcə də dini abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş və mükəmməl dövlət-din münasibətləri sistemi formalaşmışdır.
Hazırda Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndərin layiqli davamçısı və siyasi varisi cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, böyük tarixə malik dini məbədlərimizin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirir. İcra başçısı tədbir iştirakçılarını iri ölçülü ekranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə lentə alınmış “Fitnə” sənədli filminə tamaşa etməyə dəvət etdi.
Filimdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Novruzov çıxış edərək bildirdi ki, filmdə əsas məqsəd yeniyetmə və gənclərimizi radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsindən ibarətdir. Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində islama, onun ayrı-ayrı mübarək bayramlarına yüksək hörmət, ehtiram, etiqad mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmlənməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edir.
Daha sonra Baş Prokurorluğun nümayəndəsi Alim Cəbrayılov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oktay Tağıyev çıxış edərək dini ekstremizm və radikalizmə qarşı hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər barədə məlumat verdilər.
Seminar müşavirə işgüzar şəraitdə keçdi.