Ağstafalı məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə növbəti tur-aksiyaya yola düşdülər
Martın 23-də “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Ağstafa rayonundan 40 nəfər IX-XI sinif şagirdi bələdçi-müəllimlərin müşayiəti ilə Qəbələ şəhərinə yola düşüblər.
Tur-aksiya iştirakçıları əvvəlcə Ağstafa rayon Heydər Əliyev mərkəzini ziyarət edib, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Məktəblilər dörd gün ərzində Qəbələ ilə yanaşı, Şəki və Zaqatala rayonlarında tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmalarına şərait yaradacaq.
Ağstafa məktəbliləri layihədə iştirak etdikləri üçün çox sevindiklərini bildiriblər. Məktəblilər üçün belə bir imkanı yaratdığına görə tur-aksiyada iştirak edən şagirdlər və onlarn valideyinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.
Məktəblilər “Şəki-İpək” kombinatında, Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki xanlarının sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi və Kiş kəndindəki qədim Alban məbədi, “Marxal” müalicəvi istirahət kompleksi ilə tanış olacaqlar. Zaqatalada isə şagirdlər müasir fındıq emalı müəssisəsi, tütünçülük təsərrüfatları ilə tanış olacaq, Tarix-Mədəniyyət Qoruğuna baş çəkəcək, Dədə Qorqud Meydanını gəzəcəklər.