31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür
31 mart 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Ağsatafa rayon təşkilatında “31 Mart Azərbaycanlıların Soyqrımı Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları soyqrım qurbanlarına həsr olunmuş kitab sərgisi ilə yaxından tanış olduqdan sonra onların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq “31 mart azərbaycanlılarının soyqırımı günü” barədə ətraflı məlumat verdi. Ramiz Tatarov qeyd etdi ki, 1918-ci il 30 mart tarixdən aprel ayının 3 dək əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri, tarixi abidələri dağıtmış və Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Bu soyqrım nəticəsində 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-cı ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev və Qırılı kənd tam orta məktəbinin fransız dili müəllimi Elvin İmaməliyev çıxış etdilər.