“Karvan-L” EKO sənaye parkının rolu əhalinin məşğulluğunun təminatında artır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafada yaradılmış, özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO sənaye parkı fəaliyyətini uğurla davam etdirir. 19 oktyabr 2016-cı il tarixdə Prezident İlham Əliyevin Ağstafa rayonuna növbəti səfəri çərçivəsində açılışını etdiyi “Karvan-L” EKO sənaye parkında yaradılan şəraiti yüksək qiymətləndirmişdi. Dövlət başçısı sənaye parkında hazır müəssisələrin açılışını edərək bildirmişdir ki, “Regionların inkişafı, sənaye potensialının gücləndirilməsi, yeni iş yerlərinin, ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafı - yəni, bu sənaye parkında bizim siyasətimiz öz əksini tapıb”.
Bu gün sənaye parkında 12 müəssisə fəaliyyət göstərir, bir zavodun inşası isə davam edir. Belə ki, burada polietilen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı, istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin istehsalı, şüşə və şüşə konstruksiyaların istehsalı, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi və bioorqanik kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir. Hazırda sənaye parkının layihəsinə uyğun olaraq istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı zavodunun və sutkada 2000 ədəd şüşə qablar istehsal edən müəssisəsinin tikintisi işləri sürətlə davam etdirilir. Eyni zamanda layihəyə geniş ərazidə meyvə bağlarının salınması da daxildir.