“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsinin icrası sürətlə davam etdirilir
“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatının inşasına 2015-ci ilin martında başlanılıb. Hazırda tikinti işləri sürətlə davam etdirilir və işlərin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19.10.2016-cı il tarixdə Ağstafa rayonuna səfəri çərçivəsində “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməl qoyma mərasimində iştirak etmiş, ümumi sahəsi 5048 kvadratmetr olan hazır məhsullar anbarına baxmışdır . Dövlət başçısı ümumilikdə “Ağstafa Aqroservis” MMC-nin layihələri çərçivəsində görülən işləri yüksək qiymətləndirmişdir.
Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.
Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli fast fud iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq fast fud iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək.