Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı naziri Ağstafada vətəndaşları qəbul edib

07 aprel 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 7 aprel 2017-ci il tarixində Kənd Təsərrüfatı naziri Ağstafa rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ağstafa rayon Kənd Təsərrüfatı İdarəsi üçün inşa olunmuş yeni inzibati binaya baxış keçirilb, orada yaradılan şəraitlə yaxından tanışlıq olub.
Qəbula gələn vətəndaşlar əsasən texnika və işlə təminat, fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, torpaq mübahisəsinin həll olunması və cins mal-qaranın alınmasına köməklik göstərilməsi ilə bağlı müraciətlər ediblər. Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Sonra kənd təsərrüfatı nazir Heydər Əsədov Ağstafa rayonunda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.
Tədbirdə Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy və digər ətraf rayonlardan olan 86 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə 2 milyon 774 min 787 manat məbləğində 148 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1 milyon 84 min 337 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 22 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim olunub.
Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.
İndiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 7405 istifadəçinin lizinqə götürdüyü 16 min 334 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 109 milyon 546 min 73 manat məbləğində güzəşt tətbiq olunub.
Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəydən olan 100 mexanizatora traktor və digər kənd təsərrüfatı texnikasını idarə etmək üçün sürücülük vəsiqələri də verilib.

Keçidlər