Cəbhə bölgəsində yaşayan kənd sakinləri tibbi müayinədən keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar 15 fevral 2017-ci il tarixdən Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
08 aprel 2017-ci il tarixdə rayonun cəbhə bölgəsində yerləşən Köhnəqışlaq, Yaradullu və Tatlı kəndlərinin sakinləri tibbi müayinədən keçirilmişdir. Tibbi müayinədə səyyar həkim briqadası ilə birgə Ağstafa rayon İcra hakimiyyətinin məsul işciləri də iştirak etmişdir.
Azərbaycan dövlətinin sosial yönümlü siyasətinə uyğun olaraq ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə görülən işlərin əsas məqsədi əhaliyə zəmanətli tibbi xidmət göstərilməsi və xəstəliklərin profilaktikası yolu ilə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. Əhalinin reproduktiv sağlamlığının qorunması dövlətin sosial siyasətinin ən vacib sahələrindən biridir. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir.
Rayonun cəbhə bölgəsində yerləşən kəndlərin sakinləri onların gündəlik məişət, kommunal şəraitlərinin daim diqqət mərkəzində olması ilə yanaşı, həmçinin sağlamlıqlarına göstərilən yükəsk diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.