Ağstafada yerləşən “Akkord Tekstil” fabriki xarici bazarlara məhsul ixracatını artırır
“Akkord Tekstil” məhdud məsuliyyətli cəmiyyəti ölkəmizdə geyim istehsalı üzrə fəaliyyət göstərən ən böyük müəssisələrdən birirdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 sentyabr 2008-ci il tarixdə Ağstafa rayonuna səfəri çərçivəsində “Akkord Tekstil” fabrikinin açılışını etmişdir. Ölkə başçısının müvafiq tapşırığına əsasən təsis edilmiş fabrik öz əməkdaşlıq çevrəsini xarici ölkələrə doğru genişləndirməkdədir. Məlum olduğu kimi İtalyanın “Elle-Elle” şirkəti ilə əməkdaşlıq edən tekstil fabrikinin məhsulları artıq “Made in Azerbaijan” yazısı ilə avropaya ixrac olunmaqdadır.
Bu gün “Akkord Tekstil” fabrikində daha bir əlamətdar tədbir təşkil olundu. Belə ki, İtalyanın “Elle-Elle” şirkəti ilə 50 min ədəd köynəyin ixracına dair rəsmi müqavilənin imzalanması mərasimi keçirildi. Mərasimdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, “Elle-Elle” şirkətinin əməkdaşı mister Levent Atilla, İngilis iş adamı Ceyms Riçard və fabrikin əməkdaşları iştirak edirdilər. Əvvəlcə tədbir iştirakçıları fabrikin tikiş sahələrini gəzdilər, iş prosesinə tamaşa etdilər və istehsal olunan məhsullarla yaxından tanış oldular. İngiltərədən gəlmiş iş adamı ilə müvafiq əməkdaşlıq müqaviləsi bağlanmışdır ki, bu da “Akkord Tekstil” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi köynəklərin “Alesandro Gattuso”, “Coveri”, “Harrods”, “Tad Willams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respect” və bu kimi digər məşhur ticarət markaları ilə yerli və xarici bazarlarda təmsil olunmasına səbəb olacaqdır. Bu gün həmçinin əlavə olaraq daha on min ədəd köynək İtaliyaya yola salınmışdır.