Ağstafa rayonunda 2017-ci ilin birinci rübünün yekunları müzakirə edildi
Bu gün Ağstafa rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair Ağstafa rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının, yerli özünü idarəetmə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İclası giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 10-da Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İqtisadiyyatımızın əsas göstəricilərinə nəzər salan Prezident İlham Əliyev ilin ilk 3 ayı ərzində iqtisadi inkişafımızın, iqtisadi sabitliyinin ölkə ərazisində təmin olunduğunu, yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir. Özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO Sənaye Parkı fəaliyyətini uğurla davam etdirir. Bu gün sənaye parkında 7 müəssisə, polietilen örtüklərin istehsalı, plastik kütlələrin təkrar emalı, xüsusi dəmir konstruksiyalar istehsalı, istismara yararsız avtomobil şinlərinin təkrar emalı, dəmir dam örtüklərinin istehsalı, şüşə və şüşə konstruksiyaların istehsalı, plastik qapı-pəncərə və plastik konstruksiyaların istehsalı, yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisələri, eləcə də kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir. Hazırda sənaye parkının layihəsinə uyğun olaraq istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı zavodunun tikintisi işləri davam etdirilir
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri sürətlə davam etdirilir. Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarından ibarətdir.
Saloğlu firmasının nəzdində “Modern Mebel Fabriki” və “Venzena Mebel Fabriki” layihələrin icrası həyata keçirilir. Almaniya və İtaliya avadanlıqlarından istifadə etməklə “Modern Mebel Fabriki” yaradılmışdır.
Həmçinin rayonda xalçaçılığın qədim tarixinin olmasını nəzərə alaraq “Azərxalça” ASC-nin Ağstafa xalça toxuculuğu müəssisəsinin tikintisinə başlanılmışdır. “Akkord Tekstil” MMC-nin tikiş fabriki yeni avadanlıqlarla təchiz olunmaqla fəaliyyətini davam etdirir. Fabrikin istehsal etdiyi məhsulların Avropa bazarına çıxarılması üçün müqavilələr bağlanmış və ilk partiya mallar İtaliyaya ixrac olunmuşdur
2017-ci ilin 3 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 36.1 faiz artmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 2.2 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 1.7 faiz artmış, nəqliyyat xidmətində 4.1 faiz, rabitə xidmətində 6.2 faiz, ticarət sahəsində 9.9 faiz, tikinti sahəsində 21 dəfə artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 11.3 dəfə artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3.3 faiz, pərakəndə əmtəə dövriyyəsi 5.0 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 243.70 manata çatdırılmışdır.
“Azərbaycan Respublikası regionlarının 2014 -2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilmişdir. Ağstafa rayonu üzrə 2017-ci ilin yanvar-mart ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 572 nəfər işlə təmin olunmuşdur. Rayon üzrə işlə təmin olunanların (508 nəfər) 88.8 faizi daimi işlərdə işləyənlərdir.
Ağstafa rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon üzrə 10530 hektar sahədə buğda, 1552 ha sahədə arpa olmaqla cəmi 12082 hektar taxıl səpini həyata keçirilmiş, bu da ötən illə müqayisədə 1563 hektar çoxdur. Ağstafa rayonunda şəkər çuğunduru istehsalının stimullaşdırılması məqsədilə 500 hektar şəkər çuğundurunun əkilməsi nəzərdə tutulur, artıq 300 ha sahədə səpin aparılmışdır.
Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilmişdir. C.Cabbarlı, İ.Rəhimov və Qaçaq Kərəm adına küçələrdə abadlıq-yenidənqurma işlərinə başlanılmış və Aşıq Ələsgər, Mehdi Mustafayev, H.Aslanov və Nizami küçələrində abadlıq işləri üçün hazırlıq işləri aparılır, zəbt olunmuş səkilər açılmış və ağaclar budanmışdır. Şəhərin C.Cabbarlı küçəsində 17 və 19 saylı yaşayış binalarının dam örtüyü dəyişdirilmiş, pilləkən boşluqları və həyətlərində təmir bərpa işləri görülmüş və bina ətrafı ərazilərdə bu işlər davam etdirilir.
Yol infrastrukturunun yaxşılaşdırılması sahəsində Vurğun-Köçəsgər-Qırılı avtomobil yolunun əsaslı təmiri işləri aparılır, bu günlərdə Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolunun tikintisi üçün hazırlıq işlərinə başlanılmışdır və Vurğun-Köhnəqışlaq avtomobil yolunun tikintisinə başlanılması nəzərdə tutulmuşdur. Düzqışlaq-Kolayır, Molla Cəfərli - Kolxəlfəli və Köçvəlili Qarayazı, Tatlı-Köhnəqışlaq yerli əhəmiyyətli və Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhəddi avtomobil yollarında cari təmir işləri aparılmışdır.
Rayonun çoxmənzilli yaşayış binalarının, məktəb və bağçaların istilik sistemi ilə təchizatı sahəsində ötən il müəyyən işlər görülsə də cari ildə həlli vacib olan problemlər təhlil edilməli və aradan qaldırılmalıdır.
2017-ci ilin yanvar-mart ayları ərzində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 195 müraciəti daxil olmuş, rayon İcra hakimiyyəti tərəfindən 1802 nəfər vətəndaş qəbul edilmiş, yerlərdə 12 səyyar qəbulları keçirilmiş, həmin görüşlərdə 1500 nəfər iştirak etmiş, 122 təklif irəli sürülmüşdür. Qaldırılan problem və təkliflərin 51-i həll olunmuş, 32-sinin icrası davam etdirilir, 39 təklifin icrası növbəti aylarda nəzərdə tutulur.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Tədbir işgüzar şəraitdə keçdi.