Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü il dönümü qeyd olundu
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü il dönümü Ağstafa rayon Mərkəzi Xəstəxanasında qeyd olundu.
Tədbirdə RİH başçısının müavini Lalə Eyyubova çıxış edərək bildirdi ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə həsr olunmuş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar aparmışdır. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin 16 nəticələri onun bir sıra monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır. Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə həyata keçirdiyi tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dəyərli dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Onlar oftalmoloji elmi-ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır.
Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli çıxış edərək bildirdilər ki, Zərifə xanım Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. O, bənzəri olmayan işıqlı bir şəxsiyyət idi. Çünki onun yanında atası Əziz Əliyev və ömür-gün yoldaşı, sadiq dostu, sonralar həyatında böyük rol oynamış, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyev kimi şəxsiyyətlər vardı. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir.