Yenidən qurulan Ağstafa şəhər 3 saylı tam orta məktəbində işlər sürətlə icra olunur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq işlər uğurla davam etdirilir. Belə ki, Ağstafa şəhər 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasında aparılan əsaslı təmir və yenidənqurma işləri sürətlə həyata keçirilir.
Binanın hər iki korpusunun köhnə dam örtüyü sökülərək müasir tələblərə cavab verən, həm estetik, həm də keyfiyyət yüksəkliyi baxımdan yenisi ilə əvəz olunmuşdur. Divarların köhnə suvaq qatları, uyğunsuz arakəsmələr, köhnə döşəmələr, qapı və pəncərələr sökülərək yüksək standartlara uyğunlaşdırılmışdır. Məktəb binasının elektrik sistemi layihəyə uyğun olaraq tamamilə yenilənmişdir. Hazırda 3 və 4-cü mərtəbələrdə dəhlizə müvafiq döşəmə qatının (pvc) vurulması üçün betondan alt hazırlıq işləri görülür. Akt və idman zalı müasir tələblərə uyğun formada yenidən qurulur. Sinif otaqlarında işlər tamamlanmaq üzrədir. Məktəb binasını əhatə edən hasarlar, idman meydançası yenidən qurulacaq, ətrafında yüksək abadlıq işləri görüləcək, həmçinin məktəbə gedən əsas avtomobil yolu da əsalı təmir ediləcəkdir. İşlərin yaxın zamanda tamamlanması nəzərdə tutulubdur.