Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 4 avtomobil körpüsünün tikintisi yekunlaşır

02 may 2017 | 11:00

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonu ərazisində “Azəravtoyol” ASC tərəfindən 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.
Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası son mərhələdədir.Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.
Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 2-ci kilometrində inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 metr, yolun 17-ci kilometrində Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 metr və 29,5 kilometr, Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 metrdir. Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 metrdir.
Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir.
Hər bir körpünün bünövrəsinin, dayaqlarının və aşırım hissəsinin tikintisi işləri tam olaraq yekunlaşıb. Hazırda körpülərin yanaşma yollarının və dəmir-beton özül dayaqlarının (döşəməsinin) asfaltlanması işləri aparılır.
Layihəyə uyğun olaraq, körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2,5 metr təşkil edir.
Həyata keçirilmiş fiziki işlərin həcmi 85 faiz təşkil edir və 4 körpünün bu il ərzində vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

Keçidlər