“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun tanıtım sərgiləri təşkil olunur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 dekabr 2007-ci il tarixində imzaladığı müvafiq Sərəncamına əsasən yaradılmış “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində yerləşən abidələri tanıtmaq məqsədilə mütəmadi olaraq ekskursiyalar təşkil olunur.
“Keşikçidağ”ının təbliği məqsədi ilə tərtib edilmiş müvafiq layihəyə uyğun olaraq “Keşikçidağı tanıdaq” adı altında Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında tanıtım tədbiri keçirilmişdir. Tədbirdə qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənmiş, qoruq haqqında çəkilmiş “Qədim Yurdun Daş Kitabəsi” adlı sənədli film nümayiş olunmuş, filmin diskləri və bukletlər pulsuz paylanmış, qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər və diyircəkli qələmlər satışa çıxarılmışdır. Layihə çərçivəsində tanıtım tədbirləri rayonun müvafiq yerlərində davam etdiriləcəkdir.
Eyni zamanda ekskursiyaçılar arasında istedadlı şagirdlər qoruq ərazisində yerləşən abidələrimizə aid rəsmlər çəkmişlər.5 may 2017-ci il tarixdə Heydər Əliyev mərkəzində çəkilmiş rəsmlərdən ibarət “Keşikçidağ gənc rəssamların fırçalarında” adlı rəsm müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin yekununda qaliblər rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaqlar.