Ağstafa şəhər küçələrinin yenidən qurulması tədbirləri uğurla icra olunur
Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq rayonda aparılan abadlıq-quruculuq, həyata keçirilən sosial infrastruktur layihələr çərçivəsində, Ağstafa şəhər küçələri də yenidən qurulur, çoxmənzilli yaşayış binaları əsaslı təmir olunur.
Yenidən qurulan Ağstafa şəhər Cəfər Cabbarlı küçəsində işlər layihəyə uyğun olaraq uğurla icra olunur. Küçənin uzunluğu istiqamətində artıq 800 metr hissədə 1,6 metr enində tikilmiş sağ-sol səkilərə dekorativ səki daşları düzülmüş, rabitə-kommunikasiya xətləri qaydaya salınmış, 20 ədəd dəmir beton başmaqlar tökülmüş, müasir tipli işıq dirəkləri quraşdırılmış və hazırda yeni asfalt örtüyünün qoyulması üçün hazırlıq işləri aparılır. Həmçinin həmin küçədə yerləşən 36, 38 saylı çoxmənzilli yaşayış binaları təmir olunmuş, 17, 19 saylı iki mərtəbəli çoxmənzilli yaşayış binalarında isə son tamamlama işləri görülür.
Paralel olaraq İ.Rəhimov, A.Ələsgər, M.Mustafayev, Q.Kərəm, H.Aslanov və Nizami küçələrinin də abadlıq-quruculuq işlərinin başladılması üçün hazırlıq işləri aparılır.