Ağstafanın daha bir yaşayış məntəqəsinə təbii qaz verildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində verdiyi müvafiq tapşırıqlar, Ağstafa rayonunda uğurla icra edilir.
Bu gün Ağstafa rayonunun Muğanlı kəndinə təbii qazın verilməsi münasibəti ilə geniş açılış mərasimi təşkil olunmuşdur. Bununlada rayonun 39 yaşayış məntəqəsinin 35-nə təbii qazın verilməsi təmin olundu. Mərasimdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, Şəmkir Regional Qaz-İstismarı İdarəsinin rəisi Oqtay Qarayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak etmişlər. Mərasimini İcra başçısı açaraq ilk öncə Muğanlı kəndinə təbii qazın verilməsi və qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi. Ölkəmizin sürətli sosil-iqtisadi inkişafından, mövcud sabitlik və əminamanlığından geniş söz açdı. Qeyd olundu ki, bugünki tədbir bir daha sübut edir ki, cənab Prezidentimizin yürütdüyü siyasətin əsasını sakinlərimizin sosial rifahlarının yaxşılaşdırılması, onların daha rahat və qayğısız yaşaması təşkil edir. Artıq yaxın zamanda Ağstafanın qazlaşması məsələsi yüz faiz həllini tapacaqdır ki, bu da Ağstafa və ağstafalılara göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.
Şəmkir Regional Qaz-İstismarı İdarəsinin rəisi Oqtay Qarayev çıxışında qeyd etdi ki, 521 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8466 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Mərasimdə çıxış edən kənd ağsaqqalları önlara göstərilən bu cür yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər. Sonra cənab Məhərrəm Quliyev, Şəmkir Regional Qaz-istismarı idarəsinin rəisi və kənd ağsaqqalları ilə birlikdə kəndə təbiin qazın verilməsini ifadə edən rəmzi məşəli alovlandırdılar.
Tədbir rayon rəhbərliyi və kənd ağsaqqalları ilə birgə çay süfrəsi ətrafında davam etdirildi.