Ağstafa Dəmiryol Vağzalı Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli qatarla sərnişin daşımaları üçün hazır vəziyyətdədir
Xəbər verildiyi kimi ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq martın 18-dən etibarən “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə olaraq sürətli qatarla sərnişin daşımaları həyata keçirləcəkdir. Bu əlamətdar hadisə ilə əlaqədar respublikamızın ən böyük dəmiryol vağzallarından olan Ağstafa Dəmiryol Vağzalı və ətrafda müvafiq abadlıq-quruculuq işləri həyata keçirilir.
Müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13:20-də, 08:45-də yola düşən ikinci qatar isə saat 13:40-da mənzil başına çatacaq.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Biletlər 10 mart tarixində satışa çıxarılacaq.
Uzunluğu 459 kilometr olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.
Ağstafa rayon sakinləri ölkəmizin nəqliyyat infrastrukturunun ən yüksək səviyyə çatması və bu sahədə də dövlətimizin vətəndaşına göstərdiyi xüsusi diqqət və qayğısına görə möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.