Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Rayon Ağsaqqallar Şurasının Milli Qurtuluş Gününə həsr edilmiş növbəti hesabat konfransı keçirilib.

16 iyun 2022 | 10:54

Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Azərbaycanın xilaskarı, memarı və qurucusunun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Konfransda müqəddəs torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən natiqlər Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli dəvəti ilə ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını həyata keçirməsindən, məhv olmaq təhlükəsi qarşısında qalan ölkəmizin bütün problemlərinin Ulu Öndərin uğurlu fəaliyyəti sayəsində aradan qaldırılmasından, Azərbaycanın taleyini dəyişən bu önəmli tarixin – Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıblar. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əsası qoyulan uzaqgörən və müdrik siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə uğurla davam etdirilməsindən, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş əzəli, əbədi torpaqlarımızda geniş vüsətlə aparılan abadlıq-quruculuq işlərindən, bir sözlə, qurtuluşdan tərəqqiyə böyük addımlarla irəliləyən ölkəmizin uğurlarından ətraflı bəhs ediblər.

Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayevin son birillik hesabat dövrü ərzində yerli təşkilatlarda aparılan işlər və qarşıda duran vəzifələr barədə məruzəsi dinlənilib. Koronavirus pandemiyasına qarşı apardıqları təbliğat işlərindən, şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan, gənclərə milli vətənpərvərlik ruhunun aşılanmasından, xüsusilə narkomaniyaya, erkən nikahlara, son dövrdə artmaqda olan boşanmalara qarşı həyata keçirdikləri maarifləndirici tədbirlərdən söz açıb.

Səmimi şəraitdə keçən konfransda ağsaqqalların və rayon sakinlərinin müxtəlif məsələlərə dair bəzi təklif və iradları da dinlənilib və bu məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən lazımi tədbirlərin görüləcəyi qeyd olunub.

Sonda Şuraya yeni üzvlüyə qəbul edilən şəxslərə vəsiqələr, daha aktiv fəaliyyətləri ilə fərqlənən ağsaqqallara isə Fəxri fərmanlar təqdim edilib.

Keçidlər