Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Ailə münasibətlərinin psixoloji əhəmiyyəti” mövzusunda konfrans təşkil olunub
Tədbir Ağstafa Rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi və Ağstafa “1-ci Psixoloji Nitq” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda təşkilatçıların məsul şəxsləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan ETİHİ Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva konfransın əhəmiyyətinə toxunaraq qeyd edib ki, sağlam ailə münasibətləri insanın özünə inamlı, xoşbəxt və psixoloji cəhətdən sağlam böyüməsinə kömək edir. Müasir dövrümüzdə ailədaxili problemlərin artması cəmiyyətdə bu mövzunun müzakirəsini və düzgün nəticələrin çıxarılmasını daha da aktual edir.
Psixoterapevt Əli Nağıyev mövzuya dair geniş təqdimatla çıxış edib, ailə münasibətlərində psixoloji amillərin rolu, ünsiyyət mədəniyyəti, konfliktlərin həlli yolları və sağlam ailə dəyərlərinin qorunması istiqamətində mühüm tövsiyələr səsləndirib.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Teyyub Carçıyev çıxışında ailə institutunun cəmiyyətdəki rolu, sağlam psixoloji mühitin formalaşdırılması və ailədaxili münasibətlərdə qarşılıqlı anlayışın əhəmiyyəti barədə vacib məqamlara toxunub.
Konfrans iştirakçıları mövzu ətrafında gedən müzakirələrdə fəal iştirak edərək öz fikirlərini bildirib, ailə dəyərlərinin təbliği baxımından tədbirin əhəmiyyətini müsbət qiymətləndiriblər.






