Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Seymur Orucovun sədrliyi ilə RİH başçısı aparatının akt zalında keçirilən iclasda Şura üzvləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şura iclasını giriş sözü ilə açan RİH başçısı cari ilin 9 ayının yekunu barədə qısa məlumat verib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev Ağstafa rayonunda idarə, müəssisə və təşkilatların 2022-2023-cü il qış mövsümünə hazırlığı vəziyyətinə dair, başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı və rayon ərazisində bütün iəd üzrə bələdiyyə orqanlarında “Gender əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrup”nun yaradılmasına dair məruzələrlə çıxış ediblər.
Şuranın gündəliyində duran məsələlər ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən 5 nəfər şəxs Ağstafa RİH-in Fəxri Fərmanları ilə təltif olunublar. Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi tərəfindən İctimai İştirakçılıq: Şəffaflıq, Hesabatlıq və İnformasiya Açıqlığı monitorinqi layihəsi çərçivəsində təltif olunması münasibəti ilə şura üzvlərinə xüsusi təşəkkür edilib.