Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulunu Eynallı kənd yaşayış məntəqəsində keçirib.
Eynallı kənd tam orta məktəb binasının akt zalında təşkil olunmuş qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti üzrə təşkilatlarının rəhbərləri, RİH başçısı aparatının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbəmizdən sonra ölkəmizin regionda vahid lider ölkəyə çevrilməsindən, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq, bərpa və yenidənqurma işlərindən, orada təşkil olunan beynəlxalq tədbirlərdən geniş söz açıb.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələyə dair ətraflı müzakirələr aparılıb, onların həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.