Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yanında daimi fəaliyyət göstərən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının onlayn formatda iclası keçirilmişdir
İclası Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı aparatının Hüquq şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının katibi Qaib Hadıyev açaraq tədbir iştirakçılarına 2022-ci ildə və 2023-cü ilin 3 ayı ərzində Ağstafa rayonunda komissiyası ilə əlaqədar qurumlar tərəfindən keçirilmiş tədbirlər və aparılmış maarifləndirmə işləri ilə bağlı məlumat vermişdir. Qaib Hadıyev korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin mütəmadi xarakter almasını, dövlət və bələdiyyə orqanlarının öz internet və sosial şəbəkə səhifələrindən korrupsiyaya qarşı mübarizə ilə əlaqədar xüsusi buraxılışların, ictimai müzakirələrin təşkil edilməsinin, korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların və bukletlərin hazırlanaraq əhali arasında yayılmasının, dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslərin, büdcə təşkilatlarının, eləcə də tibb və təhsil işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılmasının vacib olduğunu vurğulayaraq qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və zəruri tədbirlərin davam etdirilməsini bildirmişdir.
İclasda dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etmişdir. Çıxış edənlər korrupsiya hüquqpozmaları, korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması, rayon ərazisində vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri hökumət təşkilatları ilə birlikdə maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsi, korrupsiyaya qarşı rayon komissiyası, əlaqədar qurumlar və yerli özünüidarəetmə orqanları ilə birlikdə il ərzində təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və idarələrdə antikorrupsiya davranış modelinin formalaşması, rüşvətxorluq hallarına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi əhali arasında korrupsiya hüquqpozmaları ilə bağlı ictimai müzakirələrin aparılaraq korrupsiya hüquqpozmaları ilə bağlı videoçarxların, bukletlərin hazırlanaraq əhali arasında geniş yayılmasının təşviq edilməsi barədə iştirakçılara məlumat verilmişdir.
Tədbirdə həmçinin görülmüş işlər barədə rübdə bir dəfə komissiya tərəfindən müzakirələr aparılaraq hesabatların rayon İcra hakimiyyətinin internet səhifəsində yerləşdirilməsi, korrupsiya və rüşvətxorluqla mübarizənin gücləndirilməsi ilə bağlı maarifləndirmə tədbirlərinin il ərzində daha böyük auditoriyalarda davam etdirilməsi qərara alınmışdır.