Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon ictimayiəti üçün ağır itki üz verib

29 yanvar 2026 | 14:59

Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri, qədim aşıq sənətinin görkəmli ustadı,  şəhid atası Hüseynov Hüseyn Əziz oğlu  78 yaşında vəfat edib.

Həyatı boyunca hər zaman dövlətimizə və xalqımıza fədakarlıqla xidmət göstərən Hüseyn Hüseynov qədim milli mədəniyyətimizin mühüm sahələrindən biri olan aşıq sənətinə böyük töhfələr vermiş, tanınmış bir söz ustadı kimi Ağstafa rayonunun ictimai-mədəni həyatında yaxından iştirak etmişdir. Vəzifəsindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hamı ilə mehriban və səmimi münasibətlər quran Hüseyn Hüseynov həm də gözəl ailə başçısı, qayğıkeş ata idi. Övladlarına xeyirxahlıq və nəciblik kimi ali dəyərlər aşılayan, onları yüksək vətənpərvərlik ruhunda tərbiyə edən Hüseyn müəllimin oğlu Şahlar Hüseynov 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

Ağstafa Rayon Ağsaqqallar Şurasına sədrlik etdiyi müddətdə Hüseyn Hüseynov müdrik bir ağsaqqal, xalqına bağlı bir ziyalı kimi rayonun ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etmiş, böyüklərimizin sözünün qüdrətini və nüfuzunu daim qorumuş, gənclərimizə milli-mənəvi dəyərlərimizin aşılanması  istiqamətində öz töhfələrini vermişdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə hər zaman xüsusi diqqət yetirmişdir. Onun insanlarla ünsiyyət mədəniyyəti, təmkini və nikbinliyi çoxları üçün örnək idi.

Bu ağır itki ilə əlaqədar dərindən kədərləndiyimizi bildirir, Hüseynovlar  ailəsinə və mərhumun bütün yaxınlarına başsağlığı verir, Uca Allahdan səbr diləyirik. Müdrik ağsaqqal, alicənab insan Hüseyn Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Keçidlər