Ağstafa rayonunda yuxarı sinif şagirdləri üçün təşkil olunan "Heydər Əliyev Məktəbi"ndə dərslər uğurla davam etdirilir
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına uyğun olaraq Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən məktəbdə növbəti dərs “Heydər Əliyev və Azərbaycanda dini tolerantlıq” mövzusunda keçirilib. Dərsin iştirakçıları Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin 9, 10 və 11-ci sinif şagirdləri olublar. Proqrama uyğun olaraq əvvəlcə Mərkəzin əməkdaşları ekspozisiya zalında müstəqil müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendlərdəki tarixi fotolar haqqında məktəblilərə mühüm məlumatlar veriblər.
Tarix müəllimi Fərqanə Şəhniyarova mövzuya dair geniş mühazirə ilə çıxış edib. O, diqqətə çatdırıb ki, respublikamızda tolerantlıq dövlət siyasətinin banisi olan Ümummilli Lider Heydər Əliyev uzaqgörənliklə tolerantlıq və multikulturalizmi dövlət siyasətinin, demokratik inkişafın tərkib hissəsi hesab etmişdir. Müstəqillik qazanıldıqdan sonra Ulu Öndər tolerantlığın dövlət tərəfindən nizamlanmasını əsas vəzifə sayıb. Onun qənaətinə görə, dövlət üçün çox həssas bir məsələ olan tolerantlığın nizama salınmasına zəruri ehtiyac yaranıb. Azərbaycanın dünyəvi və çox konfessiyalı dövlət olduğunu nəzərə alan dünya şöhrətli siyasətçi bu məsələyə yüksək diqqət və qayğı ilə yanaşıb.
Dərs, Mərkəzin kino zalında Ulu Öndərin həyatı və ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə davam etdirilib.