Ağstafa RİH başçısı 75 yaşlı ağstafalı həkim-pediatr Bilqeys Əliyevanı təltif edib
Tədbirdə Ağstafa RİH başçısı aparatının məsul şəxsləri, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Səyyad Yusifov və rayon səhiyyəsinin nümayəndələri iştirak ediblər. Seymur Orucov Bilqeys Heydər qızı Əliyevanı 75 illik yubileyi münasibəti ilə təbrik edərək səhiyyə sahəsində uzun müddət qüsursuz fəaliyyətinə görə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib, ona gül dəstəsi və hədiyyələr təqdim edib. Qeyd olunub ki, gecə-gündüz uşaqların sağlamlığının keşiyində dayanan, əsl həkim obrazını özündə cəmləşdirən Bilqeys xanım rayon əhalisi və çalışdığı kollektiv arasında xüsusi hörmət və ehtiram qazanmışdır.
Bilqeys Əliyeva ölkəmizdə tibb işçilərinə göstərilən yüksək dövlət qayğısına, eləcə də tibb elminin və müasir səhiyyə sisteminin inkişafının təminatı olan Ulu Öndər Heydər Əliyev ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevə ağstafalı həkimlər adından dərin minnətdarlığını bildirib.