Ağstafa RİH başçısı Seymur Orucov rayon ağsaqqalları və ziyalıları ilə növbəti görüşünü keçirib
Ağstafa şəhəri, Səməd Vurğun adına mədəniyyət və istirahət parkında təşkil olunmuş görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seymur Orucov çıxış edərək bildirib ki, cəmiyyətimizdə hər zaman daim yüksək hörmət və nüfuz sahibi olan ağsaqqallar yeniyetmə və gənclərin Vətənə məhəbbəti, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində böyük pay sahibidirlər. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər zaman ağsaqqallara yüskək dəyər verir və onlar hər tərəfli dövlət qayğısı ilə əhatə olunurlar.
Görüşdə çıxış edən ağsaqqallar yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində hər zaman böyük dəstək verdiklərini diqqətə çatdırıblar. Həmçinin ölkəmizdə hökm sürən sülhə, əminamanlığa, əhalinin sosial rifah halının daim diqqətdə saxlanılmasına görə ağstafalı ağsaqqallar adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.