Ağstafa RİH başçısı yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir
05 mart 2026 | 14:36
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Gürcüstanla həmsərhəd yaşayış məntəqələrindən olan Böyük Kəsik kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli adına Böyük Kəsik kənd tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda aidiyyəti təşkilatların səlahiyyətli nümayəndələri və kəndin sakinləri iştirak ediblər.
RİH ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə əsasən yerlərdə sakinlərlə keçirilən görüşlər və səyyar qəbulların əhəmiyyətindən söz açaraq bildirib ki, başlıca məqsəd əhalini narahat edən məsələləri daha ətraflı araşdıraraq operativ həllinə nail olmaq və vətəndaş məmnunluğunun təmin olunmasından ibarətdir.
Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.






