Ağstafada 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuş “Azərbaycan ailəsi və milli - mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
Tədbir Ağstafa rayon Mədəniyyət Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Ağstafa RİH Başçının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, rayon ictimaiyyətinin nümayəndələri - Gülgün Kərimov, Vüsalə Salahova, Şəfəq Heydərli, Elnarə İsgəndərova və Şəfəq Cəlilova ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi məqsədi ilə hər il ölkəmizdə də qeyd olunan ailə gününün vacib əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının “Beynəlxalq Ailə Günü”nün qeyd olunması barədə qərarı ilə 1994-cü ildən etibarən 15 may dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Ölkəmizdə isə bu əlamətdar gün 2008-ci ildən qeyd edilir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ailə siyasətinin formalaşdırılması, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Ulu Öndərin əsasını qoyduğu ənənələr bu gün məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli dəyərlərin qorunmasına xüsusi diqqət və qayğı göstərirlər. Bu gün Azərbaycan ailəsində böyüyən övladlar əsl vətənpərvər, torpağına, elinə-obasına bağlı şəxsiyyət kimi yetişdirilir, böyüyə hörmət, insanpərvərlik kimi nəcib keyfiyyətlər qazanırlar. 30 illik işğala son qoyaraq 44 gün ərzində canı-qanı bahasına torpaqları azad edən gənclər də Azərbaycan ailəsinin övladları idi. Şanlı Vətən müharibəsində əldə edilən Zəfəri məhz şəhidlərimizə, qazilərimizə və onları yetişdirən ailələrə borcluyuq.
Tədbirdə 63 il birgə ömür sürmüş Cümşüd Nəsibov xanımı Nabat Nəsibova eyni zamanda 40 il birgə ömür sürmüş Rasim Quliyev və xanımı Gülyaz Aslanova həyat təcrübələrini gənclərlə bölüşüb, onları maraqlandıran sualları cavablandıraraq gənclərə dəyərli tövsiyələr veriblər.
Sonda gənc ailələrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “Gənc ailələrə tövsiyələr” adlı bukletlər paylanılıb.