Ağstafada 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin iclas zalında təşkil olunan tədbirdə Ağstafa RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Səyyad Yusifov, şəhid ailələrinin üzvləri, qocaman ailələr, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lalə Eyyubova bildirib ki, Azərbaycanda dövlət ailə siyasətinin hüquqi və institusional təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasət, milli-mənəvi dəyərlərin qorunmasını müasir qanunvericilik və beynəlxalq hüquq normaları ilə birləşdirir. Qeyd olunanların nəticəsidir ki, hər il Beynəlxalq Ailə Günü ölkəmizdə xüsusi əlamətdər gün kimi qeyd olunur. Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyada ailə, ana və uşaq hüquqları xüsusi maddələrlə dövlətin himayəsinə verilmişdir. Bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda ailə institutunun qorunması məqsədilə dövlət tərəfindən xüsusi diqqət və qayğı mexanizmləri tətbiq olunur. Şəhid ailələrinə, qazilərə, çoxuşaqlı və aztəminatlı ailələrə dövlət tərəfindən mütəmadi olaraq sosial müavinətlər, mənzil və tibbi təminat yardımları göstərilir.
Daha sonra “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Doğum şöbəsinin müdiri Aidə Məmmədova, psixoloq Azər Qurbanov, Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbin direktor müavini Şəfəq Heydərli və Aşağı Göycəli kənd tam orta məktəbin ədəbiyyat müəllimi Əsli Əsgərova mövzu ətrafında geniş məruzələrlə çıxış ediblər.
Tədbirdə rayon ağsaqqalı Məmməd Məmmədov və xanımı Şükufə Məmmədova öz ailə dəyərlərini, həyat təcrübələrini gənclərlə bölüşüb, onlara dəyərli tövsiyələrini veriblər.






