Ağstafada 20 oktyabr - Energetiklər Günü qeyd olunub
20 oktyabr 2023 | 12:13
Tədbir iştirakçıları əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov ağstafalı energetikləri peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, energetika sahəsində də Ümummilli Liderin müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası inkişaf tempinə görə dünyada ön sıralardadır. Bu gün işğaldan azad olunan ərazilərimizin yüksək səviyyədə elektrik enerjisi ilə təchiz olunması məqsədi ilə qısa zaman kəsiyində energetiklərimizin gördükləri nəhəng işlər bunun parlaq nümunəsidir.
Digər çıxış edənlər, Ağstafa Elektrik Şəbəkəsinin rəisi Tural Hüseynov, Ağstafa RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sənan Mustafayev bu günün əhəmiyyətindən, eləcə də bu sahəyə göstərilən yüksək dövlət qayğısından söz açaraq qeyd ediblər ki, 2004-cü ilin 13 oktyabrında Prezident İlham Əliyevin verdiyi müvafiq Sərəncamla 20 oktyabr ölkəmizdə Energetiklərin Peşə Bayramı Günü kimi təsis edilib. Bu gün energetiklərin əməyinin yüksək dövlət mükafatları, fəxri adlarla dəyərləndirilməsi də onlara göstərilən qayğının nümunəsidir.
Tədbirdə “Energetika günü münasibəti ilə və peşə fəaliyyətlərində fərqləndiklərinə görə” bir sıra ağstafalı energetik Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucovun 19 oktyabr, 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş müvafiq Fəxri Fərmanlarla təltif olunublar.
Ağstafalı energetiklər çalışdıqları sahəyə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.