Ağstafada “20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq və qürur günüdür” mövzusunda dəyirmi masa keçirilib
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan tədbirdə əvvəlcə ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən hər bir şəhidimizin əziz xatirəsinə bir dəqiqəlik sükut elan olunub. Tədbiri giriş sözü ilə açan RİH başçısı Seymur Orucov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən törədilən qanlı hadisələrdən, Azərbaycan xalqının milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən söz açaraq bildirib ki, xalqımıza qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən isə Ümummilli Lider Heydər Əliyev oldu. Belə ki, 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev siyasi iradəsinin nəticəsində qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, cəsarətli bəyanat verdi. Ulu Öndərin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Tədbirdə Ağstafa şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Şəfəq Heydərli, rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Oruc Mansırov mövzuya dair geniş məruzələrlə çıxış edib, 9 və 10-cu sinif şagirdləri İlkin Hüseynli, Esmiralda Əlizadə və Əsmər Əfəndi tərəfindən bədii kompozisiya təqdim olunub.