Ağstafada 27 Sentyabr – Anım Günü ilə əlaqədar təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində təhsil və mədəniyyət müəssisələrində, Gənclər evi sosial xidmətlər müəssisəsində şəhidlərimizin əziz xatirəsi yad edilmiş, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələri haqqında geniş məlumat verilmişdir. Təhsil müəssisələrində şagirdlərin iştirakı ilə anım tədbirləri, dəyirmi masalar, maarifləndirici görüşlər, ədəbi-bədii kompozisiyalar və sərgilər təşkil olunmuşdur. Mədəniyyət müəssisələrində isə şəhidlərimizin həyat və döyüş yoluna həsr olunmuş tədbirlər, foto və kitab sərgiləri, ədəbi-bədii proqramlar keçirilmişdir. Keçirilən tədbirlərin əsas məqsədi şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etmək, onların Vətən qarşısındakı xidmətlərini gənc nəslə çatdırmaq, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlılığı gücləndirmək olmuşdur. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq nəsillərə örnək olacaqdır.






